Prezident seçkiləri yaxınlaşdığı bir vaxtda əsas namizədlər ifadə azadlığına hücuma başlayıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) seçkidən 3 ay öncə iqtidar və müxalifətin prezidentliyə namizədlərinin öz tənqidçilərinə qarşı açıq müharibəyə başlamasından, bir məqamda onları “satqın, xain və qul psixologiyalı şəxslər”, digər halda isə “ağzından vurulmalı olan təxribatçılar” adlandırmasından ciddi narahatçılıq keçirir.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının irəli sürülmüş namizədi və hazırkı Prezident İlham Əliyevin iyulun 2-də Milli Polis Günündə  etdiyi çıxışında  iqtidara əks mövqedə olan şəxlərin  “satqın, xain və qul psixologiyası” ilə yaşadıqlarını bildirməsi bu şəxslərə qarşı repressiyaya “yaşıl işıq” yandırmaqla yanaşı cənab Əliyevin ölkə Konstitusiyasının ilə  Azərbaycan xalqı qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

RATİ həmçinin media nümayəndələrinə qarşı cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək öhdəliyinə zidd olaraq Prezident Əliyevin günahkarları mükafatlandırmasından ciddi narahatlıq keçirir. Buna misal kimi  dinc aksiyaları işıqlandıran  jurnalistlərə qarşı zorakılıqları ilə “məşhur” olan polis Səhlab Bağırova general-mayor  və Orxan Axunzadəyə  polkovnik-leytenant rütbəsi verilməsini göstərmək olar.

Bundan başqa Prezident Əliyev öz çıxışında ölkədə cinayətin üstünün açılması statistikasından da böyük məmnunluğunu  ifadə edib.  RATİ buna cavab olaraq xatırladır ki, hökumət jurnalist Elmar Hüseynovun və Rafiq Tağının qətlini lazımınca araşdırmamış və bu cinayətlərə görə heç kim məsuliyyətə cəlb olunmamışdır.

“Jurnalistlərin və dissidentərin susdurulması seçkilərin legitimliyini təhlükə altına sala bilər. Bu cür çıxışlar azad və ədalətli seçki perspektivindən xəbər vermir”, deyə RATİ sədri Emin Hüseynov bildirib.

Müxalifətin vahid namizədi seçilməsindən cəmi bir neçə gün sonra Oskar mükafatı almış kinodramaturq cənab Rüstəm İbrahimbəyov təxribat, böhtan və yalan  yazanların ağzından vurmaq lazım olduğunu bildirib. RATİ özünün insan haqlarına və demokratik dəyərlərə sadiqliyini bəyan edən cənab İbrahimbəyovun medianı təhdid və təhqir etməsindən sarsıldığını ifadə edir.

“Biz bir daha xatırladırıq ki, ictimai xadimlər, xüsusilə də prezidentliyə namizədlər, tənqidə adi insanlardan daha dözümlü olmalıdırlar”,-deyə RATİ sədri qeyd edib.

RATİ seçkiöncəsi Azərbaycan iqtidarını ölkədə fundamental,  azadlıqları xüsusilə ifadə azadlığını təmin etməyə və Azərbaycanın ATƏT və Avropa Şurası qarşısında ifadə azadlığı ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları seçkiöncəsi Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti monitorinq etməyə və Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.

Previous Post

QHT nümayəndələri Prezident Administrasiyasını vədinə əməl etməyə çağırır

Next Post

Əvəz Zeynallının işindən Ali məhkəməyə şikayət göndərilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.