Əvəz Zeynallının işindən Ali məhkəməyə şikayət göndərilib

483689_10200792687362394_917677259_n

“Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının işindən Ali Məhkəməyə  şikayət göndərilib. Bu barədə bu gün (05 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Zeynallının vəkili  Elçin Sadıqov məlumat  verib. Vəkil Elçin Sadıqovun sözlərinə görə, şikayətdə  Ali Məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi yer alıb.

“Şikayət Ali Məhkəməyə iyulun 3-də göndərilib. Əvəz bəyin saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Yeganə narazılığı onun saxta ittihamlarla həbs olunmasıdır. Ailəsi ilə keçən ay görüşüb. Bu ay isə hələ görüş verilməyib. Mən özüm də sabah onunla görüşmək üçün 10 saylı Cəzaçəkmə Müəssisəsinə gedəcəyəm” –deyə vəkil bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 13 may 2013-cü ildə apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 14 may 2013-cü il tarixdə Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Prezident seçkiləri yaxınlaşdığı bir vaxtda əsas namizədlər ifadə azadlığına hücuma başlayıb

Next Post

Müdafiə tərəfi jurnalist Nicat Əliyevin məhkəməsində ittiham tərəfin şahid ifadələrinin etibarlılığını şübhə altına alır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.