POLİS RƏİSİNİN MÜAVİNİ JURNALİSTLƏRİ MƏHKƏMƏYƏ VERDİ

Dəvəçi rayon Polis Şöbəsinin (PŞ) rəis müavini Məmmədmusa Hüseynov “Yeni Müsavat” qəzetinin əməkdaşları Səbuhi Məmmədlini və Ervin Mirzəni məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S.Məmmədli  məlumat verdi: “Məmmədmusa Hüseynov barəmizdə  Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir)  maddələri ilə xüsusi ittiham qaydasında şikayət verib”.
S.Məmmədli ona və həmkarına qarşı qaldırılmış iddianı əsasız hesab edir:  “Biz Məmmədmusa Hüseynovu təhqir  etməmişik . Dəvəçi rayonun Dağbilici kənd sakinləri olan Məcidova bacılarının müəmmalı şəkildə itkin düşməsindən sonra olayı araşdırmaq məqsədi ilə dəfələrlə Dəvəçi rayonunda olmuşam və bütün məqalələrim Məcidova bacılarının ailə üzvlərinə, həmçinin onların həmkəndlilərinə istinadən yazılıb. Bundan əlavə, Məcidova bacılarını oğurlamaqda ittiham olunan Dəvəçi rayonun Qələgah kənd sakinləri İsmayılov qardaşlarının məhkəməsində də Məmmədmusa Hüseynovun adı hallanıb. Məhkəmə iclasının birində qardaşlardan biri Təvəkkül İsmayılov bildirib ki, o, Məcidova bacılarını məhz Məmmədmusa Hüseynovun sifarişi ilə oğurlayıb”.
M.Hüseynov isə telefon söhbətində RATİ-yə bildirdi ki, jurnalistlər qərəzli şəkildə onu ağır cinayətdə ittiham ediblər: ”Mən Səbuhi Məmmədli və Ervin Mirzəni adımın əsassız olaraq ötən ilin yayında Dəvəçinin Dağbilici kəndində itkin düşən Nailə və Reyhanə Məcidova bacılarının taleyi ilə bağlı “Yeni Müsavat” qəzetinin araşdırmalarında hallandırmaları, şərəf və ləyaqətimi təhqir etmələri, işgüzar nüfuzuma zərər vurduqları  üçün xüsusi ittiham qaydasında  məhkəməyə vermişəm”. Polis Şöbəsi rəisinin müavini  bu barədə Daxili İşlər Nazirliyinə (DİN) və Baş Prokurorluğa da müraciət etdiyini bildirdi.
Previous Post

“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU CƏRİMƏ KAMERASINDAN ÇIXARILIB

Next Post

POLİSDƏN ŞİKAYƏT ETDİYİ ÜÇÜN TƏQİB EDİLƏN YAŞLI İNSAN EVİNƏ QAYTARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.