Jurnalist Nicat Əliyevin işi üzrə hal şahidləri dindirilib

Nicat (5)

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Nicat Əliyevin vəkili Abil Bayramov prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bugünkü prosesdə daha iki hal şahidinin dindirildiyini bildirib.“Hal şahidlərindən Lətif Şabanov ifadəsində bildirib ki, Əliyev saxlanılan gün saat beş və 6 radələrindən başlayaraq o 15-20 saat polis idarəsində saxlanılıb və onun izahatı gecə saatlarında alınıb. Hal şahidi bu müddətdə hər hansı bir təzyiqə məruz qalmadığını bildirsə də, əslində onun bu müddətə qədər polis idarəsində saxlanılması ciddi qanun pozuntusudur. Digər hal şahidi Bəhruz Üzeyirov isə prosesdə hal şahidliyi etdiyini inkar edib. Baxmayaraq ki, onun müvafiq protokolda, izahatında imzaları vardı. O hal şahidi olduğu epizodu ilə bağlı hər hansı bir məsələni xatırlamadığını bildirərək, məhkəmədən növbəti prosesə qədər xatırlaması, eləcə də yenidən ifadə verməsi üçün vaxt verilməsini xahiş edib. Bundan başqa, müdafiə vəkilləri olaraq, məhkəmənin nəzərinə onu da çatdırdıq ki, N. Əliyevlə bağlı tibbi ekspertizanın onun vəkillərinin iştirakı ilə keçirilməsi ilə bağlı vəsatət məhkəmə tərəfindən artıq təmin olunub. Bu vəsatət icra olunmur, yalnız bircə dəfə məhkəmə tibbi ekspertizanın keçirilməsinə təşəbbüs göstərilib, o da müdafiə vəkillərinin iştirakı olmadan keçirildiyinə görə Nicat Əliyev ekspertizadan keçirilməsindən imtina edib. Hesab edirik ki, ekspertizanın keçirilməsinin yubadılması indiyə qədər də qalan xəsarət izlərinin tamamilə yox olmasına xidmət edir”,- deyən vəkil A. Bayramov növbəti prosesin 18 iyul saat 10:30-a təyin edildiyini bildirib.


Xatırladaq ki, 2012-ci may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

Previous Post

Jurnalist Yol Polisinin təzyiqinə məruz qaldığını bildirir

Next Post

Jurnalist Hilal Məmmədovun məhkəməsində hal şahidi dindiriləcək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.