Jurnalist Yol Polisinin təzyiqinə məruz qaldığını bildirir

iyul 10th, 2013

13CA7719-CA00-47B4-AB6A-19E143D224D3_mw1024_n_s

İyulun 8-də “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Güləhmədoğlu (Ədilov) peşə fəaliyyətini yerinə yetirən zaman Dövlət Yol Polis (DYP)İdarəsinin  Sumqayıt Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalıb. Bu barədə bu gün (09 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

N. Ədilovun sözlərinə görə, hadisə Sumqayıtda Türkiyədən peyk yayımı ilə yayımlanan “Azərbaycan saatı” televerilişi üçün reportaj hazırlayarkən baş verib.

“Yol polisi saxladığı avtomobilin sürücüsü ilə mübahisə edirdi. Mən bu kadrları uzaqdan çəkdiyim an başqa bir polis serjantı üstümə hücum çəkdi və faktiki xuliqanlıq edərək, təhqiramiz formada qışqırmağa başladı. Mən ona özümü təqdim etdim, tələb etdim ki, o da özünü səlahiyyətinə uyğun aparsın və ən başlıcası, özünü təqdim etsin. Bundan sonra onlar mənim qolumu buraraq DYP maşınına mindirib ərazidən uzaqlaşdırdılar. Mənə hücum edən Allahverdi Zamanov adlı  polis əməkdaşı olduğu deyilən serjant xüsusi aqressivliyi ilə seçilirdi. Mən hər dəfə ona qanunları xatırladanda o da ikiqat dünya çempionu olduğunu deyirdi. Təxminən bir saat maşında saxladıqdan və uzun mübahisədən sonra məni sərbəst buraxdılar” –deyən jurnalist üzləşdiyi hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə  müraciət edəcəyini bildirib.

DYP-nin Sumqayıt Şöbəsindən özünü təqdim etməyən əməkdaş RATİ-yə hadisə barədə məlumat vermək səlahiyyətinin olmadığını deyərək məlumat verməkdən imtina edib.