
İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. Prosesdə ilk olaraq hakim A. Orucov məhkəmə prosesində iştirak etməli olan iki hal şahidindən birinin Moskvada olduğunu, lakin növbəti prosesdə onun iştirakının təmin ediləcəyini, digərinin isə 3 dekabr 2012-ci ildə vəfat etdiyini bildirərək, prosesin təxirə salındığını bildirib. Lakin müdafiə vəkilləri vəsatətlə çıxış edərək, H. Məmmədovun istintaqının ilk mərhələsini aparan Bakı şəhərinin Nizami rayonunun Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Ceyhun Kərimovun məhkəməyə dəvət olunaraq dindirilməsini istəyiblər. Belə ki, saxlanılan zaman H. Məmmədun evində C. Kərimov tərəfindən iki dəfə axtarış aparılması barədə qərar qəbul edilib. Müdafiə vəkilləri vəsatətlərini əsaslandıraraq, məhkəməyə bildiriblər ki, müstəntiq bu zaman qanun pozuntusuna yol verib. Cinayət Prosessual qanunvericiliyin tələblərinə görə, müstəntiqlər məhkəmədə yalnız onların fəaliyyətində pozuntu olduqda dindirilə bilərlər. Vəkillər həmçinin qeyd ediblər ki, müstəntiq C. Kərimov mənzildə axtarış qərarını onunla əsaslandırmışdı ki, Məmmədovun evində olan elektron daşıyıcılarında onun narkotiki satdığı müştərilərin siyahısı olmalı idi.
Məhkəmə müdafiə vəkillərinin bu vəsatətini yerindəcə müşavirə edilərək, təmin etməyib və növbəti prosesi 17 iyul saat 10:30-a təyin edib.
Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.