“ATV” TELEKANALI VƏ “TUSİ” ADINA KLİNİKA MÖVQELƏRİNİ MÜDAFİƏ ETMƏKDƏ İSRARLIDIRLAR

“ATV” telekanalında yayımlanan “El içində” verilişinin sonuncu buraxılışında özəl klinikaların vəziyyəti və vətəndaşlara təklif etdiyi xidmətlərin səviyyəsi müzakirəyə çıxarılıb.

Verilişdən əvvəl proqram müəllifi Elçin Əlibyəli eksperiment apararaq klinikalarda analizlərin hazırlanma səviyyəsini müəyyənləşdirməyə çalışıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E.Əlibəyli bildirdi ki, “El içində” verilişin yaradıcı heyəti adi su məhlulunu sarı rəngli maddə ilə qarışdıraraq, onu sidiyin analizi kimi 5 özəl tibbi müəssisəyə təqdim ediblər. Bu özəl klinikaların içərisində “Tusi” adına klinikası da olub. E.Əlibəylinin sözlərinə görə, “Tusi” klinikası adi su məhlulunun sidik olduğunu bildirərək, müxtəlif xəstəliklərin mövcudluğu barədə arayış verib.
Məsələyə aydınlıq gətirmək üçün “Tusi” adına klinikasının ictimaiyyət və KİV-lə  əlaqələr üzrə koordinatoru Könül Babayeva ilə telefon əlaqəsi saxladıq. K.Babayeva bildirdi ki, “Tusi” adına klinikası verilişdə yanlış olaraq ittiham edilib və veriliş birtərəfli mövqe nümayiş etdirərək, “Tusi” adına klinikasının adından verilişə nümayəndə dəvət etməyib. Məsələni yenidən araşdırdıqlarını deyən K.Babayeva bildirdi ki, analiz üçün verilən material ikinci dəfə yoxlamadan keçirilib və yenə də müəyyən olunub ki, məhlul məhz sidikdir. K.Babayevanın sözlərinə görə, “Tusi” adına klinika müasir texniki avadanlıqlarla təchiz olunub və həm sidik analizi, həm də qan analizi  xüsusi analizatorlar vasitəsi ilə yoxlanılır. Analizatorların heç bir halda yanlışlığa yol vermək imkanı olmadığını vurğulayan K.Babayeva, bu hadisənin klinikanın işgüzar imicinə xələl gətirdiyini dedi: “Biz haqlı olduğumuza əminik. Hazırda klinikanın rəhbərliyi bu istiqamətdə araşdırma aparır, sənədlər hazırlanır. Əgər efir vasitəsi ilə klinikamızın ünvanına səsləndirilən ittihamlarla bağlı təkzib verilməzsə, problem hüquq müstəvisində həll olunacaq”- deyə K.Babayeva əlavə etdi.
Elçin Əlibyəli isə bildirdi ki, məhlulun necə qarışdırılması, aparılması və klinikaya təqdim olunması barədə bütün prosesləri lentə alınıb: “Nəticə yanlış deyil və ona görə də biz heç bir təkzib verməyəcəyik” – deyə əlavə etdi.
Previous Post

MÜŞFİQ HÜSEYNOV HÜQUQ MÜDAFİƏÇİSİNDƏN GİLEYLƏNİB

Next Post

“AZADLIQ” RADİOSUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.