ƏVƏZ ZEYNALLI MƏTBUAT KONFRANSI KEÇİRİB

dekabr 17th, 2007

Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ona qarşı irəli sürülən məhkəmə iddiaları ilə əlaqədar olaraq RATİ-nin mətbuat mərkəzində mətbuat konfransı keçirib.

Konfransı açıq elan edən baş redaktor qeyd etdi ki, “bu günkü konfransın səbəbi baş redaktoru olduğum qəzetə qarşı irəli sürülən iddialardır. “Xural”ın hal-hazırda altı məhkəməsi var”. Baş redaktorun sözlərinə görə, bir sıra məhəkəmə iddilarını isə qapanmış hesab etmək olar. Zeynallı vurğulayıb ki, “Kurort” SC-nin sədri Akif Məmmədov tərəfindən irəli sürülən iddia əsasında məhkəmənin çıxardığı qərarı birbaşa senzura kimi qiymətləndirib. “Akif Məmmədovla bağlı yazıya qadağa qoyulduqda, biz məcbur olub qəzetin iki səhifəsini ağ çıxardıq. Məhkəmə qərarında qeyd olunur ki, “Məmmədov Akif barəsində məlumatların dərc olunması, məqalələrin dərc olunması, yayılması cavabdeh Əvəz Zeynallıya və digər şəxslərə qadağan edilməlidir. Hesab edirəm ki, bu senzuradır”. Zeynallı onu da əlavə edib ki, bu haqda bildiriş onlara təqdim edilərkən, akt tərtib olunub və aktda qeyd edilir ki, bu qərar icra olunmazsa, cavabdehlər Cinayət Məcəlləsinin 306-cı maddəsinə (məhkəmənin hökmünü, qərarını icra etməmə) əsasən məsuliyyət cəlb olunacaq. Baş redaktorun sözlərinə görə, “bu olduqca xoşagəlməz presedent yaradır, Azərbaycanda 147 (böhtan) və 148-ci (təhqir) maddələr CM-dən çıxarılsa, diffamasiya haqqında qanun qəbul edilsə belə, jurnalistlərin 306-cı maddəyə görə həbs edilməsi geniş vüsət alacaq”. O əlavə edib ki, Akif Məmmədovun adamları bu gün zəng vuraraq, iddia ərizəsini geri götürəcəklərini deyiblər. “Hesab edirik ki, iddianın geri götürülməsinə səbəb qəzetin dünənki sayında iki səhifənin ağ çıxması olub. Çünki  son 10 il ərzində ilk dəfədir ki, qəzet öz iki səhifəsini yazısız çıxarıb”.