Əvəz Zeynallının kassasiya şikayəti təmin edilməyib

483689_10200792687362394_917677259_n

Sentyabrın 11-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixdə çıxardığı qərardan verilən kassasiya şikayətinə əsasən məhkəmə keçirilib.

Prosesdə Əvəz Zeynallının özü və vəkili Elçin Sadıqov iştirak ediblər. Ə. Zeynallı zala gətirildikdən sonra ayaqüstə dayanaraq, əyləşməkdən imtina edib. Hakim İ. Cəfərov ona oturmasını əmr edərək, Zeynallının etirazına baxmayaraq ona dəfələrlə “məhkum” deyə müraciət edib. Bu ifadə Ə. Zeynallının və zalda əyləşən ailə üzvlərinin narazılığına səbəb olub. Zeynallı və onun vəkili belə olduğu halda zalda əyləşməkdən imtina etdiklərini bildiriblər. Hakim İ. Cəfərov Zeynallıya qərarı onun iştirakı olmadan verəcəyini bildirib. Qərardan sonra vəkil E. Sadıqov kassasiya şikayətinin təmin edilmədiyini bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 13 may 2013-cü ildə apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 14 may 2013-cü il tarixdə Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Jurnalistin məhkəməsində rəy vermiş ekspert dindirilib

Next Post

Dövlət ittihamçısı jurnalistə 6 il cəza istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.