ƏVƏZ ZEYNALLI MƏHKƏMƏYƏ VƏSATƏTLƏR VERİB


Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru əvəz Zeynallının işi üzrə proses davam etdirilib.
Zeynallı Gülər Əhmədovanın 100 min manat müqabilində barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı açıqlama verdiyini deyib və özünün də barəsində belə bir qərarın çıxarılması üçün hakimlərin ondan nə qədər istədiyini soruşub.

O, Gülər Əhmədovanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi cinayətkar şəbəkənin üzvü olduğunu, Sevinc Babayevanın öldürülməsində onun əli olduğunu deyib. Baş redaktor keçmiş deputatın hətta uşaq alveri ilə məşğul olması barədə məlumatların olduğunu, xidmətində olan 25-30 qadın vasitəsilə yüksək rütbəli məmurlarla bağlı gizli çəkilişlər apararaq onları şantaj etdiyini də qeyd edib.
Əvəz Zeynallı onun dediklərinə bir neçə dəfə kəskin reaksiya verən hakimə “mən arzu edirəm ki, Gülər Əhmədovanın da, “boz kardinal”ın və digər kardinalların da işi gələcəkdə sizə tapşırılsın” deyə cavab verib.
Daha sonra Əvəz Zeynallı ibtidai istintaqı aparan müstəntiq Qabil Qasımov, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov, “Mərkəz” qəzetinin keçmiş baş redaktoru Nigar Almanqızı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev, gizli səsyazma ilə bağlı ekspertiza keçirmiş ekspertlərin, prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət verib.
Hakim vəsatətlərlə bağlı növbəti prosesdə qərar qəbul ediləcəyini bildirib və prosesi 16 yanvar saat 14:00-a təxirə salıb.

Previous Post

Onlayn ifadə təşəbbüsünün BƏYANATI

Next Post

GÜLƏR ƏHMƏDOVA: ƏVƏZ ZEYNALLINI MƏN HƏBS ETDİRMƏMİŞƏM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.