“Azadlıq” qəzeti doğma oğlu tərəfindən dəlixanaya salındığını deyən 67 yaşlı Aliyə Təmrazovanın başına gətirilənlər barədə keçirdiyi mətbuat konfransını işıqlandırdığına görə məhkəməyə verilib. Bu barədə bu gün (2 avqust) “Azadlıq” qəzeti məlumat yayıb. Qəzeti məhkəməyə verən Aliyə Təmrazovanın oğlu Həsən Sultanzadədir.
Aliyə Təmrazova keçirdiyi mətbuat konfransında bildirmişdi ki, oğlu həyat yoldaşı Məlahət Ağayeva və əmisi oğlu Murad Sultanzadə ilə birləşərək, məhkəmə qərarı olmadan sentyabrın 19-u 2010-cu ildə onu Maştağadakı 1 saylı psixiatriya xəstəxanasına yerləşdirib: “Həyətə düşəndə gördüm ki, blokun qarşısında təcili yardım maşını dayanıb. Oğlum Həsən də maşının yanındadır. Məni görən kimi Həsən üç nəfər ağ xalatlıya nə isə dedi. Onlar üstümə cumub, əllərimi burdular və zorla maşına saldılar. Həsənin əmisi oğlu, Fövqəladə Hallar Nazirliyində çalışan Murad Sultanzadə də həmin vaxt yanında idi”.
Qadın 2 gün xəstəxanada saxlanılandan sonra həkim rəy verib ki, onun heç bir psixi problemi yoxdur. Aliyə xanımın vəkili Namiq Hacıyev isə demişdi ki, Həsən Sultanzadə anasının fəaliyyət qabiliyyətinin olmadığını “sübut etməyə” çalışır. Bu məqsədlə məhkəməyə müraciət edərək Aliyə Təmrazovanın fəaliyyət qabiliyyətinin olmadığının təsdiqlənməsinə nail olaraq, onun mülkiyyətinə yiyələnmək istəyir.
Aliyə Təmrazovanın mətbuat konfransından sonra Həsən Sultanzadə anasını, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərini və var.az saytını məhkəməyə verərək ona dəyən maddi və mənəvi zərərə görə cavabdeh tərəflərdən 502 min 150 manat pul tələb edir.