“Azadlıq” cərimənin hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edib

1

Mayın 31-də Yasamal rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “Azadlıq” qəzetinin Tağı Əhmədovun iddiası əsasında məhkəmənin müəyyən etdiyi  30 min manat cərimənin hissə-hissə ödənilməsi barədə ərizəsinə baxılıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

Prosesdə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və   Tağı Əhmədovun hüquqi nümayəndəsi Nigar Rəhimzadə iştirak ediblər.

R. Hacıyevin sözlərinə görə, hakim A. Məmmədov qanunvericiliyin tələblərinə görə, hər iki tərəfdən məhkəməyə təqdim olunan sənədlərdə müəyyən hüquqi çatışmazlıqların olduğunu deyərək, prosesin gələn həftə davam edəcəyini elan edib.

Xatırladaq ki,  “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə 14 fevral 2013 tarixində kassasiya şikayətini təmin etməyib. Aprelin 5-də Yasamal Rayon İcra Şöbəsindən “Azadlıq” qəzetinin redaksiyasına bildiriş daxil olub və bildirişdə 10 gün müddətində qərarı icra etməli olduğu, bu müddət keçdikdən sonra isə icranın məcburi qaydada təmin ediləcəyi qeyd olunub. 16 aprel 2013-cü il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.

Previous Post

Araz Quliyevin Apellyasiya şikayətinə baxılır

Next Post

Bakıda Gezi Parkına Dəstək aksiyasını çəkən ANS TV əməkdaşları polis təzyiqinə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.