Araz Quliyevin Apellyasiya şikayətinə baxılır

araz quliyev

Mayın 30-da Şirvan Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə xeber44.com saytının rəhbəri, jurnalist Araz Quliyevin və digərlərinin  Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2013-cü il tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə jurnalistin vəkili Fariz Namazlı qismən məhkəmə istintaqının aparılması ilə məhkəmə baxışının  keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, jurnalistin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərlə Araz Quliyevin üzləşdirməsi aparılmayıb,  Araz Quliyev də həmin şəxsləri tanımadığını bildirir və buna görə də  o şəxslər Araz Quliyevin onları döydüyünü iddia etdiyi üçün məhkəmədə dindirilmələri iş üçün əhəmiyyətlidir. Hakim vəsatəti təmin edərək məhkəmə baxışını 13 iyul saat 11:00-a təyin edib.

Onu da qeyd edək ki, Şirvan Apellyasiya məhkəməsindən sonra vəkildən müsahibə aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı məhkəmə nəzarətçisinin təzyiqinə məruz qalıb. Nəzarətçi onun peşə fəaliyyətini yerinə yetirməsinə mane olub və bildirib ki, məhkəmənin həyətində çəkiliş aparmaq üçün  icra hakimiyyətindən icazə almalıdır. Jurnalist olduğunu bildirən əməkdaşımız məhkəmə dəftarxanasında qeydiyyata alındıqdan sonra buraxılıb.

Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. Dekabrın 11-də isə jurnalistə qarşı  Cinayət Məcəlləsinin (CM)  228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb.  5 aprel 2013-cü il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qeyd edək ki,  Araz Quliyev ona qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib.

Previous Post

Jurnalist çəkiliş apararkən təzyiqə məruz qalıb

Next Post

“Azadlıq” cərimənin hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.