Azadlıq qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

may 22nd, 2013

1

“Azadlıq” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib”. Bu barədə bu gün (22 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin  baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib. R. Hacıyevin sözlərinə görə,  “Qasid” mətbuat yayımı firmasının qəzet satışından əldə olunmuş vəsaitləri ödəməkdən imtina etməsi və böyük məhkəmə cərimələri “Azadlıq” qəzetini çətin maliyyə durumu ilə üz-üzə qoyub.

“Bildiyiniz kimi, “Qasid” in qəzetimizə 40 min manat borcu var. Sonra Ali Məhkəmə Bakı Metropoliteninin sədri Tağı Əhmədovun iddiası üzrə 30 min manatlıq cəriməni qüvvədə saxlayıb. Tağı Əhmədovla cərimənin hissə-hissə ödənilməsi haqqında razılıq əldə olunsa da, Yasamal rayon məhkəməsi bu məsələ ilə bağlı iddiaya mayın 31-də baxacaq və bütün bu müddət ərzində qəzetin bank hesabı üzərində həbs qalacaq. Bundan başqa “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrə də analoji qərar qəbul ediləcəyi gözlənilir, Müdafiə Nazirliyi də “Azadlıq”a qarşı 100 min manatlıq məhkəmə iddiası qaldırıb.” –deyə bildirən Hacıyev bütün bu addımların “Azadlıq” qəzetinin susmasına yönəlmiş bir qərəz kimi qiymətləndirdiyini bildirib.

 Xatırladaq ki,  “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə 14 fevral 2013 tarixində kassasiya şikayətini təmin etməyib. Aprelin 5-də Yasamal Rayon İcra Şöbəsindən “Azadlıq” qəzetinin redaksiyasına bildiriş daxil olub və bildirişdə 10 gün müddətində qərarı icra etməli olduğu, bu müddət keçdikdən sonra isə icranın məcburi qaydada təmin ediləcəyi qeyd olunub. Aprelin 16-da isə Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.