Mayın 23-də “Yeni Müsavat” qəzetinin əməkdaşı Araz Bayramov peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Bu barədə bu gün (24 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Bayramov məlumat verib. Jurnalistin sözlərinə görə, vəfat etmiş əsgər Toğrul Abdullazadənin ölümü ilə bağlı Lənkəranda olarkən, Lənkəran şəhərinin Balıqçılar (Nərimanabad) kəndinin ərazi nümayəndəsi tərəfindən təzyiqə məruz qalıb.
“Şəhidin cənazəsi aparılan vaxt Balıqçılar kəndinin ərazi nümayəndəsi qolumdan tutaraq məcburi şəkildə məni ərazidən uzaqlaşdırmağa çalışdı. Sonra daha 2-3 nəfər çəkiliş apardığım kameranı əlimdən dartıb almaq istədilər. Bir az sonra əraziyə polis gəldi və vəsiqəmi tələb etdi, vəsiqəmi göstərdim. Daha sonra şəhidin yaxınları ilə ərazidən uzaqlaşan zaman dalımca düşüb yenidən məni tutdular və şəhidin qohumları gələnə qədər buraxmadılar ”,-deyə jurnalist bildirib.
Qeyd edək ki, bu il mart ayının 30-da Müdafiə Nazirliyinin Goranboyda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Toğrul Abdullazadəyə dəyib. Güllə yarası alan T. Abdullazadə hərbi hospitala yerləşdirilib. Uzun sürən müalicəyə baxmayaraq T. Abdullazadəni xilas etmək olmayıb. Əsgər 23 may 2013-cü il tarixindəhospitalda dünyasını dəyişib.