AZƏRBAYCANDAN XARİCİ JURNALİSTLƏRİN DEPORTASİYA EDİLMƏSİ TƏNQİD EDİLİB

Aprelin 18-də  isveçli jurnalistlərin Azərbaycandan deportasiya edilməsi faktı beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən kəskin tənqid edilib.  Belə ki, “Sərhədsiz Reportyorlar”  və Jurnalistləri Müdafiə Komitəsinin  verdiyi bəyanatda həmin jurnalistlərin ölkədən çıxarılmasına heç bir əsasın olmadığı qeyd edilib:

“Həmin jurnalistlərin həbsinə heç bir əsas yoxdur, çünki onlar heç nə çəkməyiblər. Azərbaycan hakimiyyəti etiraz aksiyaları haqqında informasiya yayılmasına yol verməmək üçün bütün mümkün mənbələrin qarşısını alır”,  – deyə xarici jurnalistlərin hüquqlarının pozulmasına  kəskin surətdə etiraz  olunub.

Öz növbəsində Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda insan hüquqları haqqında film çəkmək istəyən İsveç çəkiliş qrupunun ölkədən çıxarılmasına görə ölkə hakimiyyətinin hərəkətini pisləyib:

“Biz isveçli jurnalistlərin qanunsuz saxlanılmasını və ölkədən çıxarılmasını pisləyirik”, – deyə Jurnalistlərin Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova bildirib.  O qeyd edib ki, jurnalistlərin vizası və Azərbaycanda işləməsi üçün qanuni əsasları olub.

Xatırladaq ki, İsveçin dövlət telekanalı olan “Kanal 1”-in əməkdaşları Şarli Laprevot (Charlie Laprevote), May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijkström (Charlotta Wijkström) İctimai Palata tərəfindən keçirilməli olan etiraz aksiyasını işıqlandırmaq istəyərkən “Sahil” bağında saxlanılıblar. Mülki geyimli şəxslər əvvəlcə jurnalistləri Səbail Rayon 39-cu polis bölməsinə, sonra isə Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinə aparıblar. Bir gün sonra isə jurnalistlər ölkədən deportasiya edilib. 

Previous Post

HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN AİLƏSİ HƏDƏLƏNİR

Next Post

EYNULLA FƏTULLAYEV YENİDƏN HƏYATINA TƏHLÜKƏ GÖZLƏNİLƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.