EYNULLA FƏTULLAYEV YENİDƏN HƏYATINA TƏHLÜKƏ GÖZLƏNİLƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILIB

 “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev  Kürdəxanı qəsəbəsində yerləşən  Bakı  İstintaq Təcridxanasından yenidən  1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (20 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Anar Qasımov məlumat verib.

Vəkil A. Qasımov bildirdi ki, aprelin 18-də Fətullayevlə bağlı keçirilməli olan  məhkəmə prosesi çox müammalı şəkildə baş tutmadı: “Məhkəmə günü  Eynullanı gətirən həbsxana nəzarətçiləri mənə bildirdilər ki, Fətullayev  yenidən 1 saylı  cəzaçəkmə müəssisəsinə köçürüləcək. Məhkəmə də  heç bir tutarlı səbəb olmadan təxirə salındı və bu halın baş verməsi qanunazidd bir addım idi. Aydın görünür ki, Eynullanın proseslərdə iştirakında maraqlı deyillər və bunun cəmiyyətə təsir edə biləcəyindən narahatdırlar”, – deyə vəkil qeyd etdi.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov xəbəri təsdiqlədi və bildirdi ki, Eynulla Fətullayev məhkəmə prosesinin keçiriləcəyi təqdirdə yenidən  Bakı  İstintaq Təcridxanasına köçürüləcək.
Qeyd edək ki, öncədən ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etməsinə baxmayaraq E.Fətullayev həyatı üçün təhlükə gözlənilən 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Şəxsi təhlükəsizliyini təmin etmək üçün məhbus jurnalist könüllü şəkildə 1 aya qədər zirzəmində yerləşən rütubətli cərimə kamerasında (karser) qalmışdı. Onun, vəkillərinin və hüquq müdafiəçilərinin müraciətlərinə baxmayaraq jurnalist həyatı üçün təhlükə gözlənilməyən hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarının saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdi.    Jurnalist Bakı İstintaq Təcridxanasına isə 1 saylı Bakı İnzibati – İqtisadi  Məhkəməsində Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətinə qarşı qaldırdığı şikayətə əsasən başlanan məhkəmə prosesinə görə köçürülmüşdü.

            Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

Previous Post

AZƏRBAYCANDAN XARİCİ JURNALİSTLƏRİN DEPORTASİYA EDİLMƏSİ TƏNQİD EDİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN HƏBSİNİN 4 İLİ TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.