Azərbaycanda daha bir insan hüquqları bloggeri həbs olunub

may 27th, 2014

Bu gün Azərbaycan hökuməti Facebook-da hakimiyyəti kəskin tənqid edən jurnalist və blogger Əbdül Əbilovu narkotik ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu məhkəmə qərarını qətiyyətlə pisləyərək Azərbaycan hökumətini jurnalistin məhkumluğunu ləğv etməyə və tənqidçi şəxslərin təqibinə son verməyə çağırır.

“Bu gün blogger Əbdül Əbilova sərt cəza verilməsi hakimiyyətin, ölkənin Avropa Şurası sədrliyinə zidd olaraq, öz repressiv siyasətinə qarşı tənqidi boğmaq üçün fövqəladə tədbirlərə əl atmaq istəyini nümayiş etdirir”, deyə RATİ sədri Emin Hüseynov bildirib.

Əbilovun azadlıqdan məhrum olunması Azərbaycanda jurnalist və bloggerlərə qarşı artan təzyiqlərin fonunda baş verib. Səkkiz jurnalist və yeddi bloggerin həbsdə olduğu Azərbaycan bu göstərici ilə Belarus, Rusiya və Özbəkistan kimi ölkələri geridə qoyaraq region üzrə ən böyük mətbuat həbsxanası statusunu özündə saxlayır.   

“Biz, bloggerə verilən cəzanı sərt şəkildə piləyirik və Əbilovun sadəcə olaraq ifadə azadlığı hüququndan istifadə etdiyinə görə bu cür ağır cəza alması bizi çox məyus edir,” deyə Hüseynov əlavə edib.   

“Təəssüf ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin bu aşkar pozuntusu Azərbaycan hökuməti tərəfindən müstəqil və tənqidi səslərin məhkəmənin əli ilə susdurulması tendensiyasına yalnız bir nümunədir,” deyə Hüseynov qeyd edib.

Əbilov onun həbsindən sonra bağlanmış “Yaltaqlara dur deyək!” adlı Facebook səhifəsinin rəhbəri olub.

Əbilovun azadlıqdan məhrum olunmasını zaman baxımından hüquq müdafiəçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və jurnalist Pərviz Həşimlinin siyasi sifarişlə məhkum olunmasından cəmi bir neçə gün ayırır.

RATİ Azərbaycanın Avropanın ən ali insan hüquqlarını müdafiə təşkilatına sədrlik etdiyi bir dönəmdə ölkədə insan hüquqları durumunun durmadan pisləşməsindən dərin narahatlıq hissi keçirir. “Avropa Şurası dərhal və açıq şəkildə reaksiya göstərməlidir. Şura dərhal Azərbaycanda cari durumu dəqiq təhlil edən və məsələni Parlament Assambleyasında qaldıran siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməlidir. Bu simvolik addım Azərbaycan insanlarına zərər yox yalnız fayda verər,” deyə RATİ rəhbəri vurğulayıb.

RATİ bir daha Azərbaycan hökumətini məhkəmələrdən tənqidçilərin həbsi aləti kimi istifadəyə son qoymağa və dinc şəkildə ifadə azadlığı hüquqlarını həyata keçirdikləri üçün həbs olunmuş bütün şəxsləri azad etməyə çağırır.