Telejurnalist televiziya rəhbərliyinin təzyiqinə məruz qalıb

60741
İctimai Televiziyanın (İTV) əməkdaşı, itv.az saytının redaktoru Esmira Qasımova telekanal rəhbərliyi tərəfindən təzyiqə məruz qalıb.Bu barədə bu gün (30 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Jurnalist E. Qasımovanın sözlərinə görə, məzuniyyətdə olduğu dövrdə “facebook” sosial şəbəkəsində tanımadığı Nermin Deniz adlı  bir profil tərəfindən ölkə başçısı İlham Əliyevin kollajına “tag” edilməsindən sonra iş yerində  ciddi təzyiqlərə məruz qalıb.
“Facebookda hansısa bir siyasi məlumata “tag” edildiyim üçün məndən könüllü şəkildə ərizə yazıb işdən getməyimi tələb etdilər. İyulun 22-dən məzuniyyətimin bitməsi ilə əlaqədar işə çıxmışam. Həmişəki vaxta işə gedib-gəlirəm. Amma mənə heç bir tapşırıq verilmir. İTV-nin direktor müavini Oqtay Bayramov mənim gün ərzində heç bir iş görmədiyimi və çayxanada oturduğumu deyir. Mən həmişəki kimi bu gün də  səhər saat 9-da işə gəlib, əməkdaşların davamiyyəti jurnalına qol çəkmişəm. Elə bu dəqiqə də öz iş yerimdəyəm. Oqtay Bayramov hətta mənim artıq işdən çıxarıldığımı və bu məlumatın əmək kitabçama qeyd olunduğunu deyib. Şəxsən özüm gedib kadrlar şöbəsindən maraqlanmışam. Əmək kitabçamda işdən çıxmağımla bağlı heç nə yazılmayıb. Rəhbərlik hər gün ərizə yazıb getməyimi tələb edir, lakin bunu etməyi  düşünmürəm. Çünki heç bir günahım yoxdur. Hüquqi yolla haqqımı sonuna qədər tələb edəcəm”,-deyə jurnalist qeyd edib.
RATİ vəziyyətlə bağlı mövqe bildirməsi üçün İTV-nin direktor müavini Oqtay Bayramovla telefon əlaqəsi yaratmağa çalışsa da, direktor müavini edilən zənglərə cavab verməyib.
Previous Post

Jurnalist istintaqın aparılmamasından şikayətçidir

Next Post

Məhkəmə jurnalistin heç bir vəsatətini təmin etməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.