Məhkəmə jurnalistin heç bir vəsatətini təmin etməyib

iyul 31st, 2013

935671_598435393509635_869834024_n

İyulun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. H. Məmmədovun hüquqlarını müdafiə komitəsinin üzvləri, ictimaiyyət nümayəndələri məhkəmədən öncə dinc aksiya keçiriblər. Aksiya iştirakçılarının əllərində “Hilal Məmmədova ədalətli məhkəmə!”, “Hilal Məmmədova azadlıq!”, “Hilal Məmmədova iftiraya son qoyulsun!” adlı plakatlar olub. Aksiya müdaxiləsiz başa çatıb.

Prosesdə ötən məhkəmə prosesində verilmiş vəsatətlər – vəfat etmiş şahidin vəfatı ilə bağlı təhqiqat aparılması, narkotik bağlamalarının üzərində barmaq izlərinin olması ilə əlaqədar  daktiloskopik ekspertizanın keçirilməsi və işdə yol verilmiş qanun pozuntuları ilə bağlı Bakı şəhərinin Nizami rayonunun Polis İdarəsinin istintaq şöbəsinin  müstəntiqi Ceyhun Kərimovun məhkəməyə çağırılması məsələsi müzakirə olunub və vəsatətlər məhkəmə tərəfindən təmin olunmayıb.

Müdafiə vəkilləri növbəti dəfə iş üzrə hal şahidi olan şəxsin dindirilməsinin zəruri olduğunu məhkəmənin diqqətinə çatdırıblar. Hakim A. Orucov həmin şəxsin  respublikadan kənarda olduğuna görə məhkəmədə iştirakının təmin edilə bilməyəcəyini, eləcə də onun ifadəsinin oxunmasını və sübutların araşdırılması mərhələsinə keçməyi təklif edib.  Lakin müdafiə  vəkilləri  buna etiraz edərək qanuna görə yalnız ölən hal şahidinin ifadəsinin  oxuna biləcəyini bildiriblər.

Hakim A. Orucov  növbəti iclasda bu məsələnin müzakirə ediləcəyini deyərək, prosesi 7 avqust saat 10:30-a təyin edib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.