
Bu barədə RATİ-yə Kinorejissorlar Gildiyasının vəkili Əkbər Bağırov məlumat verdi: ”İctimai” televiziyanı məhkəməyə verməyimizə “Azərbaycanfilm” və Kinorejissorlar Gildiyası ilə müqavilə imzalanmadan, qonorar ödənilmədən telekanalda Azərbaycan filmlərinin əksəriyyətinin nümayiş etdirilməsi səbəb olub. Məhkəmə hazırlıq iclasında “Azərbaycanfilm” və Kinorejissorlar Gildiyası olaraq biz həmin müddət ərzində göstərilmiş filmlər üçün nəzərdə tutulan qonorar ödənilmədən və müqavilə bağlanmadan yenidən həmin filmlərin nümayiş etdirilməsinin qadağan olunmasını tələb etdik”. Vəkilin sözlərinə görə, iddiaçı tərəf dəymiş ziyana görə, “İctimai” televiziyadan xeyli miqdarda pul tələb edir. Məhkəmə baxışı yanvar ayının 28-i saat 11:00-a təyin olunub.
“İctimai” Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov isə RATİ-yə bildirdi ki, film nümayişi sahəsində İTV-nin heç bir qanunazidd fəaliyyət göstərməyib: ”İctimai” televiziyanın efirində heç vaxt lisenziyası olmayan filmlər yayımlanmır. Azərbaycan filmlərinə gəldikdə isə, “Azərbaycanfilm” və Kinorejissorlar Gildiyası ilə müqavilə imzalamaq üçün dəfələrlə müraciət etməyimizə baxmayaraq, onlar müqavilə imzalamaqdan imtina ediblər”.