Nəşriyyat evinə edilən reydlə Azərbaycan hökuməti tənqidçilərinə qarşı təzyiqləri gücləndirir

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Qanun” müstəqil nəşriyyat evinə qarşı hökumət tərəfindən edilən təzyiqləri kəskin şəkildə pisləyir. Nəşriyyatın bağlanmasının vətəndaş cəmiyyətinə göstərə biləcəyi böyük mənfi təsirdən narahatlığını bildirərək, hökuməti fərqli düşüncənin boğulmasına son qoymağa və nəşriyyat evinə edilən təzyiqləri dayandırmağa çağırır.

Belə ki, keçən Cümə hökumətin sifarişi ilə “Qanun” nəşriyyat evinin ofisində reyd həyata keçirilib, nəşriyyatın mühasibat və hüquqi sənədləri müsadirə olunub.

“Qanun”  nəşriyyat evi Azərbaycanda geniş siyasi və sosial müzakirələrə səbəb olan hesabatların, məqalələrin və bukletlərin əsas naşirlərindən biridir. RATİ hesab edir ki, “Qanun”  nəşriyyat evinə edilən sifarişli təzyiqlər onun müxalif və müstəqil vətəndaş cəmiyyətinin materiallarını çap etməsidir. RATİ xatırladır ki, nəşr etmək azadlığı ifadə azadlığı hüququnun fundamental aspektlərindən biridir.

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və “Qanun”  nəşriyyat evinin ofislərində aparılan reyd və axtarışlar insan hüquqlarına, xüsusən də ifadə azadlığına təzyiqlərin artmasının bir göstəricisidir” deyə RATİ-nin sədri və direktoru Emin Hüseynov bildirib.

“Bu hadisələr hökumətin ölkədə əsas insan haqlarının və demokratik azadlıqların mövcud olmamasına etiraz edən vətəndaş cəmiyyəti nümayəndələrini susdurmaqda israrlı olduğunu nümayiş etdirir” deyə Hüseynov əlavə edib.

“Qanun”  nəşriyyat evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu hökumətin sərt tənqidçisi olan mərhum araşdırmaçı jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun yaxın dostu və müttəfiqi olub. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirildi. RATİ xatırladır ki, “Qanun”  nəşriyyat evi “Monitor” jurnalını və Elmar Hüseynovun araşdırma yazılarını çap edən yeganə mətbəə olub.

RATİ  bildirir ki,  məhkəmə qərarı olmadan   nəşriyyatın ofisində axtarış aparılması və sənədlərin müsadirə edilməsi yerli və beynəlxalq qanunvericiliyin kobud pozuntusudur.

RATİ xatırladır ki, hökumət bundan öncə ifadə azadlığına qarşı dözümsüzlüyünü populyar olan Azad Fikir Universitetini bağladığı zaman göstərdi.

RATİ bildirir ki,  seçkidən sonra ölkədə xüsusi repressiya havası yaradılıb. Belə ki,  dindarların, jurnalist və  gənc fəalların sifarişli məhkəmələri davam edir və bu məhkəmələrdə jurnalistlərin sərbəst şəkildə müşahidə aparılmasına icazə verilmir. Ötən həftə dindar Tale Bağırzadənin məhkəməsində Azadlıq radiosunun müxbiri Turxan Kərimov məhkəmə həyətində çəkiliş apararkən  mülki geyimli  polislər tərəfindən  təzyiqə məruz qalıb. Bu gün isə jurnalistlərin “REAL” hərəkatının lideri İlqar Məmmədov və jurnalist Tofiq Yaqublunun mübahisəli məhkəmə prosesini izləməsinin qarşısı alınıb.

RATİ Azərbaycan hökumətini  vətəndaş cəmiyyətinə etdiyi təzyiqlərə son qoymağa, hökumət ilə vətəndaş cəmiyyəti arasında dialoqun olmasına şərait yaratmağa çağırır.

RATİ eyni zamanda Avropa Şurası, Avropa Birliyi, ATƏT və BMT kimi beynəlxalq təşkilatları ifadə azadlığı da daxil olmaqla insan hüquqlarını qorumaq barədə çağırışlarına əməl etməsini Azərbaycan hökumətindən tələb etməyə çağırır.

Xatırladaq ki, Noyabrın 1-də  20-yə qədər şəxs “Qanun” Nəşriyyat Evinə daxil olaraq hər hansı əsas olmadan nəşriyyatın mühasibat və hüquqi sənədlərini müsadirə ediblər. Gələnlərdən yalnız 2-3 nəfər Vergilər nazirliyinin uniformasında olub. Qalan şəxslərin hansı nazirlik və ya idarəyə mənsub olmaları məlum olmayıb. Gələnlər mühasibat sənədlərini tələb ediblər, direktor məhkəmə qərarı olmadığı üçün sənədləri verməyəcəyini, mühasibi və qurumun vəkili gözləmələrini istəyib. Amma buna baxmayaraq 10-a qədər şəxs mühasibatlığa girərək bütün sənədləri müsadirə ediblər. Hətta burada çalışan şəxslərin və o cümlədən xanımların şəxsi əşyaları belə müsadirə edilib.

Previous Post

Dəyirmi masaya dəvət: Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi

Next Post

Dövlət ittihamçısı həbsdəki jurnalistə 5 il yarım cəza istədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.