Dövlət ittihamçısı həbsdəki jurnalistə 5 il yarım cəza istədi

Serdar Elibelyli 01

Noyabrın 4-də Xətai rayon məhkəməsində həbsdə olan “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi keçirilib.

 Məhkəmədə jurnalist və vəkili   iş üzrə  rəy vermiş ekspertlərin dindirilməsi, təkrar və əlavə ekspertizanın keçirilməsi barədə vəsatət  veriblər.

 Ancaq vəsatətə münasibət bildirən dövlət ittihamçısı ekspertiza rəyinin qüsursuz olduğunu, zərərçəkmiş şəxsin nümayəndəsi isə  çox vaxt keçdiyi üçün təkrar  ekspertizanın  mümkünsüz və qeyri-obyektiv olacağını  deyib.  Məhkəmə də vəsatətləri təmin etməyib.

Məhkəmədə çıxış edən dövlət ittihamçısı bildirib ki,  ittiham sübuta yetirilib və  Sərdar Əlibəylinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmasını məhkəmədən xahiş edib.

 Qeyd edək ki, növbəti məhkəmə 12 noyabr 2013-cü il tarixində saat 10:30-da vəkilin çıxışı ilə davam edəcək.

Xatırladaq ki, iyulun 31-də “Note- Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli axşam saatlarında “Nərimanov” metro stansiyasının yaxınlığında Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib. Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Avqustun 2-də Xətai rayon Məhkəməsi  barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlibəyli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını və ittihamın qurama olduğunu, həbsinin səbəbi kimi son həftələrdə yazdığı sərt məzmunlu yazıları gördüyünü bildirir.

Previous Post

Nəşriyyat evinə edilən reydlə Azərbaycan hökuməti tənqidçilərinə qarşı təzyiqləri gücləndirir

Next Post

Həbsdəki jurnalistin səhhətində problem yaranıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.