Blogger 9 il azadlıqdan məhrum edildi

noyabr 13th, 2013

resad-ramazanov

 Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə dindar bloggerRəşad Ramazanovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən  vəkil  bildirib ki,  Rəşad Ramazanova irəli sürülmüş ittiham sübut edilməyib və buna görə də jurnalistə bəraət verilməlidir.

“İş üzrə verilən vəsatətlər təmin edilməyib, bloggerə  işgəncə verilməklə onun ifadəsi alınıb,   narkotikin satışı ilə ittiham olunan bloggerin evində axtarış aparılmayıb, iş üzrə hal şahidləri də polislər ilə birlikdə gəlib. Bütün bunlar o deməkdir ki,  ittiham saxtadır və buna görə də istintaq orqanı əlavə araşdırmalar aparılmasına ehtiyac görməyib. Eyni zamanda saxlanılan zaman da Rəşad Ramazanovun ailəsinə xəbər verilməməsi və istədiyi müdaifəçi ilə təmin olunmaması da qanun pozuntusudur”,-deyə vəkil çıxışında qeyd edib.

   Məhkəmədə çıxış edən blogger bildirib ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil və məhkəmədən ona bəraət verməsini xahiş edib.

  Müşavirədən qayıdan məhkəmə Rəşad Ramazanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmünü  oxuyub.

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad  Ramazanov  (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad  Ramazanovun əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də Rəşad  Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 7-də bloggerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.