Azərbaycan Hökuməti Müstəqil Mətbuata Təzyiqləri Dayandırmalıdır

Bəyanat

Bu gün, YUNESKO Ümumdünya Mətbuat Azadlığı Günündə, Azərbaycanlı jurnalist Rauf Mirqədirov hüquq müdafiə qruplarının fantastik və saxta hesab etdikləri casusluq ittihamı ilə Milli Təhlükəsizlik Nazirliyində həbsdə saxlanılır.

3 may, 2014. Bakı – Susdurulan yazarlar və nəşrlərə rəğbət əlaməti olaraq təsis olunmuş Ümumdünya Mətbuat Azadlığı Günündə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini müstəqil medianın məruz qaldığı misilsiz təzyiqləri dərhal dayandırmağa və bütün vətəndaşların ifadə azadlığına hörmət olunduğu şəraiti təmin etməyə çağırır.

Bu çağırış Azərbaycanın görkəmli jurnalistlərindən biri, müstəqil gündəlik qəzet “Ayna-Zerkalo”nun siyasi şərhçisi Rauf Mirqədirovun Türkiyədən məcburi deportasiyasından sonra fantastik “xaricə casusluq” ittihamı ilə həbs olunduğu vaxta təsadüf edir. Mirqədirovun həbsindən sonra bir dəstə mülki geyimli polis “Ayna Zerkalo” qəzetinin ofisinə gələrək axtarış aparıb. Axtarış zamanı qəzetin ən azı 15-16 illik fəaliyyəti barədə arxiv fayllarının yerləşdiyi kompyuterlər götürülüb.

Tənqidi mətbuata qarşı hökumət tərəfindən artan düşmənçilik və repressiv qanunvericiliyin mövcud olduğu Azərbaycanda mətbuat azadlığının durumu narahat edicidir. Həbsxanalarında on jurnalist və yeddi söz azadlığı fəalı olan ölkə Belarus, Rusiya və Özbəkistanı arxada qoyaraq region üzrə jurnalistlərin həbsi rekordunu özündə saxlayır.

“Azadlıq” qəzeti pis sonucları gözə alaraq hakimiyyətdə olanları hesab verməyə vadar edən məsələləri cəsarətlə işıqlandırır. “Azadlıq” çoxsaylı təzyiqlərlə üzləşib və onun əməkdaşları davamlı olaraq təhdid olunub. Dövlət KİV-ə Dəstək Fondunun qəzetin layihəsinin maliyyələşdirilməsini dayandırması və Mətbuat Şurasının aprelin 30-da qəzetə etik qaydaları pozduğu iddiası ilə xəbərdarlıq etmək barədə qərar qəbul etməsi hökumətin qəzeti sıradan çıxarmaq istəyinin davamıdır. Buna baxmayaraq, “Azadlıq” hökumət səviyyəsində korrupsiya və vəzifəyə təyinatda ayrıseçkilik kimi məsələləri işıqlandırmağa davam edir.  

Bu təzyiqləri beynəlxalq arenada tənqid etməyə cəhd edən hüquq müdafiəçiləri xüsusi hədəfə çevrilib. Azərbaycanın ən görkəmli hüquq müdafiəçilərindən biri Leyla Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılaraq Baş Prokurorluğa dindirilməyə aparılıb. O, prokurorlar tərəfindən dindirilib və doqquz saatdan sonra sərbəst buraxılıb. Həyat yoldaşı isə iflic-önü durumda xəstəxanaya yerləşdirilib. Leyla Yunusun evində və ofisində axtarış aparılıb.

Hakimiyyət mətbuat azadlığı üzrə beynəlxalq reytinq göstəricisini yaxşılaşdırmağa meylli görünmür. Belə ki, Sərhədsiz Reportyorlar təşkilatı tərəfindən hər il hazırlanan Mətbuat Azadlığı İndeksində hələ də son yerlərdən birini (179 ölkədən 156-cı) tutan Azərbaycan daxili sorğu nəticələri ilə prezidenti bəlkə də ötən il jurnalistlərə pulsuz mənzillərin paylanmasından doğan  “mətbuatın dostu” adı ilə təltif etsə də, özünü azad mətbuatın boğucusu kimi tanıtmışdır.

Ümumdünya Mətbuat Azadlığı Günündə, RATİ Azərbaycan hökumətini azad mətbuatın əhəmiyyətli rolunu tanımağa və müstəqil jurnalistlərin sərbəst və qorxusuz fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaratmağa çağırır. RATİ Azərbaycan hakimiyyətini jurnalistlərin, bloggerlərin və söz azadlığı fəallarının dəyərli fəaliyyətini məhdudlaşdıran və cinayət əməli hesab edən bütün qanunları və siyasəti ləğv etməyə çağırır.  Medianın buna hüququ, Azərbaycanın isə media fəaliyyəti üçün təhlükəsiz və əlverişli şəraiti yaratmaq öhdəliyi vardır.

Previous Post

Zerkalo qəzetinin ofisində axtarış olub

Next Post

Azadlıq qəzeti yayımdan firmasından pulunu tələb edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.