Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı çirkin hücumlara son qoymalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hökumət rəsmilərinin korrupsiyası ilə bağlı geniş yazıların müəllifi olan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı davam edən qarayaxma kampaniyasını qətiyyətlə pisləyir. İsmayılovaya qarşı çirkin hücumlardan ən sonuncusu 29 iyul 2013-cü il  tarixində internetdə yayılmış gizli yolla çəkilmiş intim xarakterli yeni video olmuşdur. RATİ Azərbaycan hakimiyyətini İsmayılovaya qarşı davamlı təzyiqləri dərhal araşdırmağa, onun təhlükəsizliyini təmin etməyə və cavabdeh şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.

“Bu çirkin hücum Azərbaycan hökumətinin öz vətəndaşlarını lazımi şəkildə qoruya bilməməsinin, ölkədə jurnalistlərə qarşı düşmən mühitin hakimliyinin və media azadlığının kritik durumunun göstəricisidir”,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ xatırladır ki, 2012-ci ilin martında da  jurnalist oxşar təhdidlə üzləşmiş, onun gizli kamera ilə çəkilmiş intim videosu internetdə yerləşdirilmişdi. Lakin İsmayılova bundan sonra da susmamış və öz əhəmiyyətli araşdırma fəaliyyətini davam etdirmişdi. Jurnalistin bu işi üzrə də ciddi istintaq aparılmamış, hər hansı təqsirləndirilən şəxs istintaqa cəlb edilməmiş və cəzalandırılmamışdır.

Jurnalist İsmayılova yüksək çinli Azərbaycanlı məmurlar və onların ailə üzvlərinin korrupsiya əməllərini ifşa edən çoxsaylı qalmaqallı araşdırmaları ilə tanınır. Bu fəaliyyətinə görə jurnalist daim hökumət-meylli qüvvələrin hədəfinə tuş gəlir. Hakimiyyətə yaxın media vasitələri dəfələrlə İsmayılova haqqında yanlış informasiya daşıyan yazılar dərc edib. “İqtidar yönümlü media mənsubları və özlərini hüquq müdafiəçisi kimi təqdim edən şəxslərin bu utancverici qarayaxma kampaniyasına qoşulması məyus edici bir haldır. Onlardan bəziləri Xədicə İsmayılovaya qarşı nəinki qarayaxma, hətta onun həyatını təhlükə altında qoya biləcək çağırışlar edir. Biz əminik ki, bu şəxslər hakimiyyətin siyasi sifarişinin icraçılarıdır. Biz həmin şəxsləri jurnalist etik davranış qaydalarına əməl etməyə, insan haqlarına hörmət etməyə və bu cür çirkin kampaniyalarda iştirak etməməyə çağırırıq”,- deyə Emin Hüseynov bildirib.

RATİ bu mənfur əməlin arxasında yerli xüsusi xidmət orqanlarının durduğunu düşünür. Xədicə İsmayılova belə bir hücumun qurbanı olan ilk Azərbaycanlı jurnalist deyil. Bu cür əməllərlə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid, maliyyə direktoru Azər Əhmədov, müxbirlər Natiq Güləhmədoğlu və Qan Tural da üzləşiblər. Jurnalistlərin şəxsi həyatın toxunulmazlığı hüququ pozularaq onların intim görüntüləri internetdə yayımlanıb. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti kəşfiyyat agentliklərinin texniki və insan resurslarından qanunsuz istifadə edərək hökumətə qarşı tənqidi yazılar yazan jurnalistlərə qarşı mərkəzləşdirilmiş qarayaxma kampaniyası həyata keçirir.

RATİ təəssüflə qeyd edir ki, Azərbaycan hökuməti azad sözü boğmaq üçün jurnalistlərin həbsi, onlara qarşı sui-qəsdlərin araşdırılmaması və onların şəxsi həyatlarına qanunsuz müdaxilə kimi ən müxtəlif üsullara əl atır.

RATİ xatırladır ki, ilk belə təxribat 2005-ci ilin fevralında Qənimət Zahid və Azər Əhmədova qarşı baş verib. Bu hadisədən bir həftə sonra, 2 mart 2005-ci ildə isə tanınmış müstəqil jurnalist Elmar Hüseynov evinin kandarında qətlə yetirildi.

Natiq Güləhmədoğlu və Qan Tural da bir neçə il bundan əvvəl gizli kameranın hədəfinə çevriliblər. Bir neçə ay öncə isə Azərbaycanda jurnalist-yazar Rafiq Tağı qətlə yetirilib, dörd jurnalist isə saxta ittihamlarla həbs olunub.

Buna baxmayaraq cəzasızlıq hələ də hökm sürür. Bu cinayətlərin heç birində cinayətkarların həbs olunmaması jurnalistlərə qarşı əməllərin arxasında dövlət rəsmilərinin dayanması şübhəsinə səbəb olub.

RATİ Azərbaycan hökumətini Xədicə İsmayılovaya qarşı baş vermiş bu hücumun arxasında duranları aşkar edərək cəzalandırmağa, jurnalistlərə hücum edən və onları qətlə yetirən şəxslərə qarşı cəzasızlığa son qoymağa, jurnalistlərə qarşı baş vermiş bütün zorakılıq əməllərinin üstünün açılmasına və bütün cavabdeh şəxslərin qanuna uyğun olaraq cəzalandırılmasına çağırır.

Azərbaycanın BMT, Avropa Birliyi, Avropa Şurası və ATƏT qarşısında ifadə azadlığının müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq, RATİ bu beynəlxalq təşkilatları Azərbaycan hökumətindən ifadə azadlığını sözdə deyil əməldə qorumağı tələb etməyə, bütün birtərəfli və ikitərəfli imkanlardan istifadə etməklə ölkəni ifadə azadlığı və insan haqları öhdəliklərinə görə məsul tutmağa çağırır.

RATİ YUNESKO və ATƏT-in simasında beynəlxalq təşkilatlara Azərbaycan hökumətindən və hüquq-mühafizə orqanlarından jurnalistlərə qarşı zorakılığa görə cəzasızlığın bütün formalarını aradan qaldırmağa və bu əməllərin hamısının adekvat şəkildə araşdırılmasını və cavabdehlərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırması üçün müraciət edir.

Previous Post

Ali Məhkəmə “Azadlıq ” qəzetinin şikayətini təmin etməyib

Next Post

Jurnalist istintaqın aparılmamasından şikayətçidir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.