HÜQUQ MÜDAFİƏÇİLƏRİ AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDİBLƏR

    İyunun 20-dən Strasburqda Avropa Şurası Parlament Assembleyasının yay sessiyası öz işinə başlayıb. İyunun 24-dək davam edən sessiyada Azərbaycan olan hüquq müdafiəçiləri, Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov və  Demokratiya Monitoru İctimai Birliyinin sədri Fuad Həsənov  iştirak edib.

Adı çəkilən hüquq müdafiəçiləri sessiya zamanı müxtəlif görüşlər keçiriblər. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna Emin Hüseynov məlumat verib.
Hüquq müdafiəçiləri Avropa Şurası baş katibi Turbern Yaqland, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu, Almaniyanın Yaşıllar Partiyasının üzvü və Avropa Xarici Əlaqələri üzrə nümayəndəsi xanım Viola von Cramon, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq və AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserlə  və Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Cozef Debono Qrexlə görüşlər keçiriblər.  Bu görüşlər zamanı hüquq müdafiəçiləri 2011-ci ilin mart-aprel aylarında Azərbaycanda baş verən insan hüquqlarının pozulması halları barədə məlumat veriblər.  Bundan başqa onlar Sosial şəbəkələrdə yaydıqları fikirlərinə görə həbs edilmiş Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərov  və  digər həbslər barədə məlumat veriblər.
    Bundan əlavə hüquq müdafiəçiləri görüşlər zamanı son zamanlar Azərbaycanda kütləvi şəkildə mülkiyyət hüququnun pozulduğunu görüş iştirakçılarının diqqətinə çatdırıblar.
    Hüquq müdafiəçilərinin ayrıca olaraq diqqətə çatdırdıqları məsələ Eurovision öncəsi Azərbaycanda teleradio sahəsində olan problemlər, lisenziya verilməsi qaydalarının sərt olması, dövlət televiziyasının hələ də qalması və  ictimai yayımının yetərli olmaması olub.
    Onu da qeyd edək ki, adı çəkilən hüquq müdafiəçilərinin AŞPA-da keçirdikləri görüşlərdə (Mövlud Çavuşoğlu ilə görüş istisna olmaqla) prezidentin əfv fərmanı ilə azadlığa çıxmış jurnalist Eynulla Fətullayev də iştirak edib.
    Əlavə olaraq onu da qeyd edək ki,  yuxarıda adı çəkilən hüquq müdafiəçiləri ilə yanaşı sessiyada Azərbaycandan olan digər bir qrup hüquq müdafiəçisi- Səadət Bənəyarlı, Səidə Qocamanlı, Novella Cəfəroğlu və  Çingiz Qənizadə iştirak edib.
 

Previous Post

“HÜRRİYYƏT” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ DÖYÜLÜB

Next Post

ALMANİYALI JURNALİSTİN NAXÇIVANDAN MƏQALƏ HAZIRLAMAĞINA İMKAN VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.