Hökumət sosial mediada tənqidi susdurmaq üçün diffamasiya müddəasını tətbiq etməyə hazırlaşır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini diffamasiyaya görə cinayət məsuliyyətini ləğv olunması barədə verdiyi vədlərə əməl etməyə və tənqidi səsləri susdurmaq üçün qanunvericiliyi daha da sərtləşdirmək planlarından əl çəkməyə çağırır. Belə ki, Çərşənbə axşamı baş prokuror Zakir Qaralov parlamentə diffamasiyaya görə daha sərt cəza nəzərdə tutan, həmçinin “böhtan” və “təhqir”ə görə tətbiq olunan cəzanın internetdə yayılan informasiyaya da şamil olunmasını təklif edən qanun layihəsi təqdim edib.

RATİ “böhtan” kimi köhnəlmiş ittihamdan jurnalistlərin susdurulması üçün istifadə olunmasından narahatlığını dəfələrlə ifadə etmişdir. RATİ bu səbəbdən bir daha  Azərbaycan hökumətini digər ölkələrdən nümunə götürərək “böhtan”a görə cinayət məsuliyyətini ləğv etməyə  və diffamasiya işlərinə mülki-prosessual qaydada baxılmasını təmin etməyə çağırır.

Qeyd olunan qanun layihəsi Milli Məclisdə qəbul olunduğu halda, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə görə nəzərdə tutulan 240 saat ictimai iş cəzası ikiqat artırılacaq.

RATİ hesab edir ki, bu dəyişiklik sosial şəbəkələrdə fəal olan şəxslərə- tənqidçi bloggerlərə və fəallara qarşı qorxu yaratmaq məqsədi ilə edilir və məqsəd seçki ilində ölkədə vətəndaşların fəallığını azaltmaqdır.

RATİ hökuməti diffamasiya haqqında qanunvericilik müddəalarını beynəlxalq normalara uyğunlaşdırmağa çağırır. Beynəlxalq standartlara görə diffamasiya cinayət məsuliyyəti deyil mülki məsuliyyət yaradır. Bu standartlarda həm də hesab olunur ki, dövlət məmurlarının öz nüfuzunu qorumaq hüququ olsa da, onlar tənqidə adi vətəndaşlardan daha dözümlü yanaşmalıdırlar.

RATİ bir daha xatırladır ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”  vasitəsilə hökumət özünü-senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyi təkmilləşdirməyi öhdəsinə götürüb.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın hüquqi şərhini verən ekspertlərdən ibarət müstəqil qurum- BMT İnsan Hüquqları Komitəsi qeyd edir ki, “diffamasiya qanunları hazırlanarkən diqqət yetirilməlidir ki, praktikada onlar … ifadə azadlığının boğulmasına xidmət etməsin. … İştirakçı dövlətlər diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması nəzərdə saxlamalı, cinayət müddəalarının tətbiqinə yalnız ən ciddi hallarda yol verilməli və müvafiq cəza tədbiri kimi heç vaxt azadlıqdan məhrum etmə tədbiri seçilməməlidir”.

Azərbaycan dövləti də “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın iştirakçısı olduğu üçün  bu paktın müddəalarına əməl etməlidir.

RATİ ölkə prezidentini “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”nın lazımi şəkildə həyata keçirilməsini tələb etməyə çağırır.

RATİ Milli Məclisi bu qanuna dəyişikliyi qəbul etməkdən çəkinməyə və əksinə diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i bu məsələyə dərhal reaksiya verməyə, Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Previous Post

Hilal Məmmədovun işi üzrə qapalı məhkəmə prosesi davam edir

Next Post

Media islahatları mövzusunda keçirilmiş milli konfransda hökumətə mətbuat azadlığı sahəsindəki problemləri aradan qaldırmaq çağırışı edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.