Hilal Məmmədovun işi üzrə qapalı məhkəmə prosesi davam edir

may 1st, 2013

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müsahibə verən baş redaktorun vəkili Xalid Bağırov bu gün olan prosesdə Hilal Məmmədovun ötən proses zamanı verdiyi vəsatətlərin müzakirə edildiyini bildirib.

“Əvvəlki prosesdə H. Məmmədov vəsatət verərək, Daxili İşlər Naziri (DİN) Ramil Usubovun və baş Prokuror Zakir Qaralovun məhkəmədə dindirilməsini istəmişdi. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı o şəxslərin məhkəməyə gəlməsinin yolverilməz olduğunu qeyd etdi. Məhkəmə jurnalistin bu vəsatətini təmin etmədi.  Biz məhkəməyə 30 yanvar 2013-cü ildə verdiyimiz vəsatətin də baxılmamış saxlandığını qeyd etsək və eyni zamanda  vəsatətin məhkəməyə çatdığını təsdiq edən sənədləri təqdim etsək də məhkəmə iş materiallarının arasından vəsatəti tapmadı. Biz vəsatətin surətini yenidən məhkəməyə təqdim etdik və məhkəmə o vəsatətlə bağlı araşdırmanı növbəti iclasa saxladı”,-deyə vəkil qeyd edib.

Qeyd edək ki, növbəti proses 8 may saat 10:30-a təyin edilib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.