İnternetdə diffamasiya haqqında qanuna dəyişiklik – söz azadlığının boğulması istiqamətində daha bir rüsvayçı addım

may 14th, 2013

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  Milli Məclisin internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyi qəbul etməsini pisləyir. RATİ hesab edir ki, diffamasiya haqqında qanun qəbul edilmədiyi halda tələsik şəkildə belə bir qanuni dəyişikliyin edilməsinin əsas məqsədi prezident seçkilərinin keçirildiyi bir ildə sosial şəbəkələrdə fəal olan şəxslərə- tənqidçi bloggerlərə və fəallara qarşı bu ittihamdan istifadə edərək ölkədəki fəallığı azaltmaqdır.

“Seçkiqabağı təzyiqlərin artdığı bir şəraitdə parlamentin Cinayət Məcəlləsinə bu cür dəyişiklik etməsi vətəndaşların onlayn azadlığının məhdudlaşdırılmasına yönəlmiş açıq siyasi cəhddir” deyə RATİ sədri Emin Hüseynov mövqeyini bildirib.  

RATİ hesab edir ki, jurnalistlərin və bloggerlərin öz müstəqil fikirlərinə görə cinayət cəzasına məhkum  olunması həm ölkə konstitusiyasına, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olmaqla yanaşı, ölkədə jurnalistlərin fəaliyyətinə “çəkindirici effekt” təsiri göstərir.

RATİ bir daha xatırladır ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”  vasitəsilə hökumət özünü-senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyi təkmilləşdirməyi öhdəsinə götürüb.

RATİ bu səbəbdən ölkə prezidentini “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”na uyğun olmadığı üçün Cinayət Məcəlləsinə edilən dəyişikliyi təsdiq etməməyə çağırır.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın hüquqi şərhini verən ekspertlərdən ibarət müstəqil qurum- BMT İnsan Hüquqları Komitəsi qeyd edir ki, “diffamasiya qanunları hazırlanarkən diqqət yetirilməlidir ki, praktikada onlar … ifadə azadlığının boğulmasına xidmət etməsin. … İştirakçı dövlətlər diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması nəzərdə saxlamalı, cinayət müddəalarının tətbiqinə yalnız ən ciddi hallarda yol verilməli və müvafiq cəza tədbiri kimi heç vaxt azadlıqdan məhrum etmə tədbiri seçilməməlidir”.

Azərbaycan dövləti də “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın iştirakçısı olduğu üçün  bu paktın müddəalarına əməl etməlidir.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

RATİ Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasında, Helsinki Müqaviləsində,  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə əks olunmuş standartlara və öhdəliklərə əməl etməyə çağırır. Bu məqsədlə, RATİ Azərbaycan hökumətini insan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunları ləğv etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i bu məsələyə dərhal reaksiya verməyə, Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.