Toplantılarla bağlı cəzalar sərtləşdirilib

may 15th, 2013

Milli Məclisin bu gün (14 may) keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinin (İXM) 298-ci maddəsinə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) edilən dəyişikliyə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulmasına görə inzibati həbsin müddəti artırılıb.

Belə ki, bu tədbirlərin keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 ayadək (buna qədər 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək miqdarda cərimə edilir. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək (hazırda 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur.

Məcəlləyə  edilən dəyişikliklərə münasibət bildirən hüquqşünas Ənnağı Hacıbəyli bunu sərbəst toplaşma azadlığına qarşı yönəlmiş qanunsuz bir mane hesab etdiyini bildirdi:

“Hökumət  öz üzərinə insan hüquq və azadlıqlarının qorunmasına dair böyük öhdəliklər götürüb, lakin sərtləşdirilən bu qayda buna ziddir”,-deyə Hacıbəyli qeyd etdi.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə  inzibati həbs müddətinin artırılması barədə qəbul edilən dəyişikliyi qınadığını, insan haqlarına zidd hesab etdiyini dedi. Cəfərov bu cür maddələrin dəyişdirilməsini və cəzaların ağırlaşdırılmasını, təzyiqləri gücləndirməq məqsədi ilə edildiyini qeyd etdi.

Gənc fəal, Ülvi Həsənli atılan bu addımı son aylarda daha da aktivləşən gənclərin qarşısını almaq üçün edildiyini  dedi:

“Azərbaycan hakimiyyəti son 3-4 ayda qaydaların sərtləşdirilməsini daha da gücləndirib. Hesab edirəm ki, bu sərtləşdirməyə son həbslərin təsiri böyükdür və bu ancaq aktivləşən gəncləri durdurmaq məqsədi daşıyır”,-deyə gənc fəal əlavə etdi.