Azərbaycanda media üçün azad mühit mövcuddur, hökumət-meylli Mətbuat Şurasının rəhbəri bildirib

Azərbaycanda azad mətbuat üçün şərait daha da yaxşılaşıb, Mətbuat Şurasının (MŞ) rəhbəri Əflatun Amaşov jurnalistlərinin VI qurultayındakı çıxışında bildirib. Hökumət meylli mətbuat nümayəndələrinin geniş iştirak etdiyi qurultay iyulun 11-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirilib. Əflatun Amaşov Azərbaycanda mətbuat azadlığının inkişaf etdiyini, reket jurnalistikasına qarşı qətiyyətli mübarizə aparıldığını və jurnalistlərin müdafiə olunduğunu bildirib. Amaşov deyib ki, ölkədə peşə fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur, lakin jurnalistlərin həbsi üçün hətta “nəzəri” imkanlar da aradan qaldırılmalı, diffamasiya haqqında qanun qəbul olunmalıdır. Lakin RATİ qeyd edir ki, öz peşə fəaliyyətini yerinə yetirdiyi üçün saxta ittihamlarla yeddi jurnalist (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, azadxeber.org saytının baş redaktoru  Nicat Əliyev, xeber44.com saytının rəhbəri Araz Quliyev, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu, müstəqil jurnalist Fuad Hüseynov və Fərəməz Novruzoğlu) həbsdə saxlanılır.

Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərə pulsuz mənzillər verilir. Bir çox başqa ölkələrdə jurnalistlərin “pulla alınması” hesab olunacaq bir əməli  Mətbuat Şurasının rəhbəri azad mətbuatın göstəricisi hesab edib.

Öz çıxışı zamanı Amaşov jurnalist Nicat Dağların müalicəsinə göstərdiyi maddi yardıma görə Prezident Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Qurultayda MŞ İdarə Heyətinin on yeddi həqiqi üzvü seçilib. Əflatun Amaşov alternativsiz əsaslarla və yekdilliklə yenidən Mətbuat Şurasının sədri seçilib. O, Mətbuat Şurasının yaradıldığı vaxtdan bu vəzifəni tutur. Mətbuat Şurası 2003-cü ildə Avropa Şurasının dəstəyi ilə özünütənzimləyən media orqanı kimi yaradılıb. Lakin  hazırda bu qurum müstəqil olmayan, faktiki olaraq hökumətin istəklərini yerinə yetirən  bir quruma çevrilib.

Bu səbəbdən də bir sıra müstəqil jurnalistlər və Kütləvi İnformasiya Vasitələri MŞ-nı tərk ediblər. Mətbuat Şurası qeyri-hökumət təşkilatı olaraq mütəmadi qəzetlərlə bağlı monitorinq aparır və bir çox qəzetləri özünün tərtib etdiyi “qara siyahı”ya salaraq “reket” elan edir. Amma əslinə baxsaq Mətbuat Şurasının vəzifəsi qəzetləri “reket” elan etmək yox, mətbuatın inkişafına şərait yaratmaq, onların maliyyə durumlarının yaxşılaşdırılmasına çalışmaqdır.

İnternet medianın da Mətbuat Şurasının mandatına daxil edilməsinə görə internetdə tənqidi səslərin boğulması üçün yeni məhdudlaşdırmaların tətbiq olunacağı ilə bağlı narahatlıqlar mövcuddur.

Previous Post

Seçkilər yaxınlaşdıqca prezidentin baş siyasi texnoloqu mediaya qarşı çıxışlarını daha da kəskinləşdirir

Next Post

Avropa Məhkəməsi Emin Hüseynovun işi üzrə hökumətə suallar göndərib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.