Seçkilər yaxınlaşdıqca prezidentin baş siyasi texnoloqu mediaya qarşı çıxışlarını daha da kəskinləşdirir

“Əliyev administrasiyası Milli Mətbuat Günü öncəsi məhkum olunmuş jurnalistlərin həbsini planlaşdırmır” Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 11-də Azərbaycan jurnalistlərinin 6-cı qurultayındakı çıxışında bildirib.  Öz çıxışlarında müstəqil media və vətəndaş cəmiyyətini mütəmadi olaraq hədəfə alması ilə “məşhur” olan Həsənov indi daha ciddi xəbərdarlıqlar edərək bildirir ki, rejimə müxalif olan şəxslər “anti-Azərbaycan” fəaliyyətlərinə son qoymasalar növbəti hədəf onlar olacaq.  

Həsənov müxalif qəzet olan “Azadlıq” qəzetini xaricdə Azərbaycan haqqında dərc olunan neqativ yazıları çap etməkdə ittiham edib. O, Azərbaycanda fəaliyyət göstərmiş keçmiş xarici diplomatların yazılarının da “Azadlıq” qəzetində dərcindən narahatdır.

“Azərbaycan jurnalistikasında elə adamlar var ki, hakimiyyətin maraqlarını dövlətin maraqlarından ayıra bilmir. Nəticədə erməni mətbuatı bizim mətbuatı tərcümə edərək dünyada yayır. Freedom House-dan və digər təşkilatlardan olan bəzi şəxslər, məsələn, Human Rights Watch-dan Rebekka Vinsent (qeyd: Rebekka əslində Article 19 təşkilatının keçmiş əməkdaşıdır) Azərbaycandan qisas alırlar. O, hər gün Əl-Cəzirə kanalında çıxış edir (qeyd: Rebekka iyulun 13-dən başlayaraq Əl-Cəzirə üçün dörd məqalə yazıb http://www.aljazeera.com/indepth/opinion/profile/rebecca-vincent-.html). O, ABŞ səfirliyində çalışıb, sonra oradan çıxarılıb (qeyd: Rebekka Vinsent 2006-cı ilin iyunundan 2008-ci ilin iyununa qədər ABŞ səfirliyində çalışıb və normal iki illik vəzifə müddətini başa vurub. Rebekka nəinki işdən uzaqlaşdırılıb, əksinə yaxşı işinə görə təltif olunaraq 2008-ci martında Şərəf Mükafatına layiq görülüb). Nədənsə o, özünü antiazərbaycan fəaliyyətinə həsr edib”, -deyə Həsənov vurğulayıb.

Əli Həsənovun fikrincə, bəzilərində hakimiyyəti tənqid etmək əvəzinə dövlətin əleyhinə fəaliyyət göstərmək adət halını alıb.

Həsənovun qəzəbli çıxışı bir daha Əliyev rejiminin tənqidçilərinə qarşı düşmənçiliyini və dözümsüzlüyünü nümayiş etdirir.

Eyni zamanda, Əli Həsənovun  beynəlxalq hüquq müdafiəçisi Rebekka Vinsentin fəaliyyətinə mənfi münasibət bildirməsi  hüquq müdafiəçisinin Azərbaycana buraxılmamasının arxasında Azərbaycan hakimiyyətinin dayandığını ortaya çıxardı.

Bu cür şifahi hücumlarla yanaşı, Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən bütün QHT-lərə ciddi nəzarət olunur: onlardan öz fəaliyyətləri barədə hakimiyyət orqanlarına hesabat vermək, tələb olunduğu halda bu məlumatları açıqlamaq, eləcə də geniş maliyyə hesabatları təqdim etmək tələb olunur.

Həsənovun  Azadlıq qəzetinin işinə müdaxilə xarakterli çıxışı da ifadə azadlığının pozuntusudur. Hökumət və ictimai xadimlər tənqidə qarşı dözümlü olmalı və ifadə azadlığına hörmətlə yanaşmalıdır. Həm yerli qanunvericilikdə və həmçinin beynəlxalq təşkilatların qarşısında Azərbaycan hökuməti ifadə azadlığının təmin edilməsi öhdəliyini götürsə də, bu öhdəliyi yerinə yetirmək əvəzinə  azad mətbuatı sıradan çıxarmağa yönəlmiş addımlar atır.

Prezident seçkilərinə  üç aydan az vaxt qalmış bir müddətdə hökumət rəsmisinin jurnalistlərlə bağlı bu çıxışı  seçki ərəfəsində və seçkidən sonra müstəqil mətbuata qarşı təzyiqlərin artacağını göstərir.

Previous Post

Həmkarları Əvəz Zeynallının dərhal azad olunmasını tələb edirlər

Next Post

Azərbaycanda media üçün azad mühit mövcuddur, hökumət-meylli Mətbuat Şurasının rəhbəri bildirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.