Avropa Məhkəməsi Emin Hüseynovun işi üzrə hökumətə suallar göndərib

485931_471866079546517_374845207_n

Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun Avropa İnsan Hüquqları Konvensiyasının təminat verdiyi işgəncəyə məruz qalmamaq, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquqlarının pozulması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb və Azərbaycan hökumətinə suallar göndərib.

Xatırladaq ki, müstəqil jurnalist və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov 14 iyun 2008-ci ildə “Çe Gevara Fan Klubu” adlı qrupla birlikdə Bakı kafelərindən birində Çe Gevaranın 80 illiyini qeyd etmək məqsədilə tədbir keçirərkən, tədbirin başlanmasından yarım saat sonra kafeyə polis əməkdaşları daxil olaraq tədbiri dayandırıb və iştirakçıları şöbəyə aparmağa göstəriş verilib. Polis Hüseynovu və onun RATİ-dən olan iki həmkarını saxlayıb.

Hüseynovu polis bölməsinə aparan dörd polis əməkdaşı ona qarşı güc tətbiq edərək ona qarnından yumruq və ayaq zərbələri endiriblər. Şöbəyə çatarkən isə o digər saxlanan şəxslərdən ayrı olaraq şöbə rəisinin müavininin otağına aparılıb, orada təhdid olunaraq döyülüb. Polislərdən biri ona boynundan dirsəyi ilə zərbə endirib, nəticədə Hüseynov huşunu itirib. Həmkarlarının bölməyə çağırdığı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilən Hüseynovda kəllə-beyin travması və nevroloji reaksiya diaqnozu müəyyən olunub.

İyunun 25-də on günlük intensiv tibbi yardımdan sonra xəstəxanadan çıxan Hüseynov qanunsuz saxlanma və polis zorakılığı ilə bağlı məhkəmə şikayət edib. 2009-cu il martın 31-də jurnalistin şikayəti Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunmayıb. Bu qərardan edilən apelyasiya şikayəti isə 27 aprel 2009-cu il tarixində rədd olunub. Jurnalist eyni zamanda kompensasiya üçün Nəsimi Rayon Məhkəməsinə mülki iddia ilə müraciət edib. İddia 25 iyul 2008-ci il tarixində qanunvericiliyin tələblərinə uyğun tərtib olunmama səbəbi ilə təmin olunmayıb. 2 sentyabr 2008-ci il tarixində Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. 17 noyabr 2008-ci ildə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsi qərarı ləğv edib və işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərib. 17 iyun 2009-cu ildə Nəsimi Rayon Məhkəməsi Hüseynovun şikayətinə mahiyyəti üzrə baxaraq onu təmin etməyib. Jurnalistin bu qərardan apelyasiya şikayəti isə 7 oktyabr 2009-cu ildə rədd olunub və bundan sonra Hüseynov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Previous Post

Azərbaycanda media üçün azad mühit mövcuddur, hökumət-meylli Mətbuat Şurasının rəhbəri bildirib

Next Post

“Azadlıq” qəzetinin vəziyyəti diplomatlarla müzakirə olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.