Seçkiqabağı durum mediaya təzyiqlər fonunda zorakı forma alır

October 5th, 2013

Bəyanat

“Azərbaycan hökuməti jurnalistlərin ictimai-siyasi hadisələri, vətəndaşların baxışlarını işıqlandırmaq vəzifəsinə hörmətlə yanaşmalıdır, xüsusilə də seçkilərdən 5 gün əvvəl”,-deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bu gün bildirib. Təşkilat dünən Sabirabadda Demokratik Qüvvələrin Milli Şurasının keçirdiyi təbliğat mitinqi zamanı jurnalistlərə qarşı fiziki təzyiqləri kəskin şəkildə pisləyir və bunu yerli hakimiyyət orqanı tərəfindən planlaşdırılmış bir əməl hesab edir.

 Belə ki, dünən Sabirabad rayonunda müxalifətin sanksiyalaşdırılmış mitinqi zamanı bir qrup müstəqil və müxalif media nümayəndəsi hakimiyyətə meylli şəxslərin hücumuna məruz qalıb. Polislərin baş verənlərə müdaxilə etməməsi  nəticəsində jurnalistlər fiziki təzyiqə məruz qalıb və onların kameraları sındırılıb. Hücum edən şəxsləri uzaqlaşdırmaq əvəzinə polislər onlara qoşularaq jurnalistləri döyüblər.

 “Seçki yaxınlaşdıqca mövcud durum medianın dinc fəaliyyəti üçün əlverişsiz forma alıb. Dünən həmkarlarımıza qarşı baş vermiş təzyiqlər seçki ərəfəsində fərqli fikrin istənilən formasını boğmaq istəyən şəxslər tərəfindən hazırlanmış repressiv tədbirlərin və təxribatların yalnız biridir”,-deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

 “10-dan artıq jurnalist, blogger və hüquq müdafiəçisinin həbsdə olması, milli telekanallarda Sovet sayağı təbliğatın aparılması və jurnalistlərə zorakılığa görə heç bir cəzanın verilməməsi fonunda biz vəziyyətin getdikcə nəzarətdən çıxmasından və jurnalistlərin sərbəst və təhlükəsiz şəkildə öz fəaliyyətlərini həyata keçirə bilməməsindən narahatıq”,-deyə Emin Hüseynov əlavə edib.

Dünənki hadisələr zamanı fiziki təzyiqə məruz qalmış jurnalistlər Ramin Deko, Etimad Budaqov, Sabir Bacaran, Tural Mustafayev, Nərgiz Yaqublu, Röya Rəfiyeva, Cahangir Yusif olmuşdur. “Bakunews” internet televiziyasının əməkdaşı İlham Rəsulzadə saxlanılaraq Sabirabad Rayon Polis İdarəsinə aparılıb. RATİ ikisi qadın olmaqla jurnalistlərə təzyiq və onların döyülməsi faktının tam şəkildə araşdırılmasını, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını və jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görülməsini Azərbaycan hökumətindən tələb edir.

RATİ hesab edir ki, hər hansısa ictimai siyasi hadisə barədə  reportaj hazırlayan jurnalistlərin  fəaliyyətinə mane olmamaq  yerli və beynəlxalq qanunvericiliyinin kobud pozuntusudur. Medianın fəaliyyətinə müdaxilə Azərbaycan Konstitusiyasının 50-ci maddəsi (informasiya azadlığı) və Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə zəmanət verilən informasiya əldə etmək hüququnun pozulmasıdır. Jurnalistin peşə fəaliyyətinə mane olmaq eyni zamanda Cinayət Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır.

RATİ bildirir ki, Daxili İşlər Nazirliyinin bu işlə bağlı polisə bəraət qazandıran bəyanatı bizdə təəssüf hissi doğurur və biz Daxili İşlər Nazirliyini  polisin jurnalistlərini döydüyünü göstərən sübutlara obyektiv qiymət verməyə və bu iş üzrə düzgün araşdırma aparmağa çağırır.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə zor tətbiq edən şəxsləri tapıb cəzalandırmağa, həbsdə olan jurnalist, bloqqer və hüquq müdafiəçilərini  dərhal azad etməyə,  qarşıdan gələn seçkilərin azad və ədalətli keçirilməsi üçün zəruri olan ifadə azadlığına edilən  bütün  məhdudiyyətləri aradan qaldırmağa çağırır.

RATİ eyni zamanda Avropa Şurası və ATƏT üz tutaraq Azərbaycan hakimiyyətdən ifadə azadlığı  sahəsində  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün zəruri addımlar atmağa çağırır.