Prezidentin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi ifadə azadlığına qarşı daha gizli bir planın hissəsidir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Məclisdə Azərbaycan prezidentinin şərəf və ləyaqətinin qorunmasını tənzimləyəcək qanun layihəsi hazırlanmasını pisləyir və RATİ bildirir ki, Venesiya Komissiyası da Diffamasiya haqqında qanun layihəsinin ilkin versiyasında qeyd edib ki, prezidentin fəaliyyətinin tənqid edilməsi onun şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilməli deyil.

 RATİ bildirir ki, diffamasiya haqqında  qanun layihəsi qəbul edilmədiyi halda  prezidentin şərəf və ləyaqətini qoruyacaq xüsusi qanunun qəbul edilməsi, əslində Azərbaycan hakimiyyətinin ifadə azadlığına etməyi düşündüyü yeni repressiya dalğasının qanuni vasitələrindən biridir.

 Qanun layihəsinə münasibət bildirən yerli media ekspertləri qeyd ediblər ki,  prezidentin şərəf və ləyaqətinin ayrıca qorunması insanların bərabərlik hüququnun pozulmasıdır  və həmçinin də bu cür qanunun qəbulu söz və mətbuat azadlığına ciddi şəkildə mənfi təsir göstərə, tənqidi fikrin məkanını daralda bilər.

 RATİ bildirir ki,  ATƏT və Avropa Şurası Azərbaycan hökumətinə diffamasiya görə cinayət məsuliyyətinin aradan qaldırılması vacibliyini vurğulayıb, Venesiya komissiyası qanun layihəsinə öz rəyini bildirdiyi halda Milli Məclisin payız sessiyasında bu qanun layihəsini müzakirə çıxarmaması hökumətin bu qanunu qəbul etmək istəmədiyini göstərir.

 “Hazırda mövcud olan Cinayət qanunvericiliyinin 323-cü maddəsi prezidentin şərəf və ləyaqətinin alçaldılmasına görə cinayət məsuliyyətinin olması belə ifadə azadlığının pozuntusudur. Şərəf və ləyaqətin alçaldılmasına görə cinayət məsuliyyəti olmamalıdır. Belə bir qanun layihəsi qəbul edilsə bu qanundan alternativ fikirlərin boğulması üçün istifadə ediləcək”,-deyə RATİ sədri və direktoru Emin Hüseynov qeyd edib.

 RATİ onu da xatırladır ki, bu ilin iyun ayında diffamasiya maddələrinin internetə də şamil edilməsi barədə qanun qəbul edib, indisə bu qanun layihəsinin hazırlanması Azərbaycanın ifadə azadlığına hörmət etmədiyini və eyni zamanda insan hüquqları ilə beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini göstərir.

 RATİ Milli Məclisi bu qanun layihəsini müzakirə etməkdən çəkinməyə və payız sessiyasında diffamasiya haqqında qanun layihəsi qəbul etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i bu məsələyə dərhal reaksiya verməyə, Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Previous Post

Seçkiqabağı durum mediaya təzyiqlər fonunda zorakı forma alır

Next Post

Prezident seçkilərinin mediada işıqlandırılması: Demokratiyaya təhqir adlı dəyirmi masaya dəvət

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.