
Bəyanat
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tanınmış foto-reportyor Mehman Hüseynovun təqib olunmasını, oktyabrın 2-də isə onun prezident debatlarında səslənən fikirlərdən və “300 Spartalı” filminin kadrlarından istifadə etməklə hazırladığı və internetdə paylaşdığı video-rolikə görə zorla hüquq mühafizə orqanlarına aparılaraq altı saat təcrid olunmuş vəziyyətdə dindirilməsini qətiyyətlə pisləyir.
Belə ki, 24 yaşlı Mehman Hüseynov oktyabrın 2-də səhər saat 10-da RATİ ofisinin qarşısında qanunsuz olaraq mülki geyimli şəxslər tərəfindən saxlanıb. Hüseynov üç şəxs tərəfindən dövlət nömrə nişanının sonu “080” olan Prado markalı qara avtomobilə mindirilərək əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsinə, oradan isə Baş Prokurorluğa aparılmış və orada altı saat təcrid olunmuş şəraitdə saxlanmışdır. Sərbəst buraxıldıqdan sonra verdiyi müsahibədə Mehman polisin ona özünü yaxşı aparmaq və internet seçkiqabağı aktivliyini azaltmaq göstərişi verdiyini bildirib.
“Mehman Hüseynovun saxlanması qanunsuz olub. Mövcud qanunvericiliyə görə şəxs hər hansı iş üzrə izahat vermək üçün rəsmi qaydada, çağırış əsasında dəvət edilməli və həmçinin də həmin çağırışda qeyd olunmalıdır ki, hansı iş üzrə və nə qismində çağırılır. Ancaq belə çağırış göndərilmədiyi üçün Mehman Hüseynov faktiki olaraq oğurlanıb. Saxlanılarkən onun qolunun burulması və vəkilinin iştirakı olmadan izahat alınması ciddi qanun pozuntularıdır”, -deyə RATİ sədri və hüquq müdafiəçisi Emin Hüseynov bildirir.
RATİ bu gün bir daha prezident İlham Əliyevə onun media və internet azadlığının inkişafına sadiqliyi barədə çıxışlarını xatırladır. “Bu gün Azərbaycan müasir texnologiya dünyasında öz sözünü deyir və bu, internet jurnalistikasının aktiv inkişafında özünü göstərir” deyən prezident Əliyev Milli Mətbuat Günü münasibəti ilə etdiyi çıxışında Azərbaycanda internetin tamamilə azad olduğunu bəyan edib.
“Onlayn jurnalistlərə qarşı yönəlmiş bu cür repressiv və hədə-qorxu mühiti prezidentin azad internet vədlərinə ziddir. Əgər mühüm bir seçkiyə bir həftə qalmış 24 yaşlı bir gənc oğurlanırsa və onlayn fəaliyyətinə görə təhdid olunursa, internet azadlığı deyilən bir şey yoxdur” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.
Bu Mehmanın jurnalist fəaliyyətinə görə təhdidlərlə üzləşdiyi ilk hal deyil. Bu yaxınlarda hüquq mühafizə orqanlarının əməkdaşları Mehmanı ələ almağa çalışaraq ona “əməkdaşlıq” və “milli maraqların ziddinə getməmək” təklifi ediblər.
RATİ xatırladır ki, ötən il Mehmana qarşı saxta xuliqanlıq ittihamı ilə beş il həbs cəzası nəzərdə tutan saxta cinayət işi açılıb. Hüquq müdafiə qrupları ona qarşı irəli sürülmüş saxta ittihamların əsas səbəbinin onun Azərbaycanda hüquq pozuntularını ifşa edən kreativ foto və videolarının olduğunu hesab edirlər. Keçən ilin iyun alında açılmış cinayət işi üzrə ötən bir ildən də artıq müddətdə heç bir irəliləyiş müşahidə olunmamış, istintaq hərəkətləri aparılmamışdır. Mehmanın cinayət işinin hələ də açıq olması onun ölkə daxili və beynəlxalq səfərlərini məhdudlaşdırır. Belə ki, jurnalist yaşadığı şəhəri və ölkəni tərk etmək üçün hər dəfə istintaq orqanından icazə almalıdır. Bu ilin iyun ayının 17-də Mehman Hüseynov FrittOrd və ZEIT fondları tərəfindən layiq görüldüyü nüfuzlu mətbuat mükafatını qəbul etmək üçün Norveçə yol düşərkən onun səfərinin qarşısı alınmışdır.
Jurnalist Mehman Hüseynovla bağlı baş verənlər öz fikirlərini açıq səsləndirməyə cəsarət edən şəxsləri hansı aqibətin gözlədiyini təcəssüm etdirir. Hökumətə qarşı etiraz aksiyalarından, ölkədə insan hüquqları durumundan dolayı qarşılaşdığı artan tənqidlərdən narahatlıq keçirən və bunu xarici qüvvələrin fitnə-fəsadı kimi qələmə verən Azərbaycan hökuməti tərəfindən tətbiq olunan repressiya 9 oktyabr seçkiləri ərəfəsində daha da güclənib.
Beynəlxalq diqqətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəldiyi bir vaxtda, hakim rejim siyasətçilərə, fəallara və jurnalistlərə qarşı əsassız həbs, qarayaxma kampaniyası və digər düşünülmüş taktikadan ibarət repressiya dalğasına start verib. Yaxın vaxtlarda iki jurnalistin (Pərviz Həşimli, Sərdar Əlibəyli) həbsi və saxlanılması, siyasətçilərin şəxsi həyatına müdaxilə və ailələrinə təzyiq edilməsi seçkidən sonra da bu repressiya dalğasının davam edəcəyini göstərir. RATİ Azərbaycanda cərəyan edən təqib və təzyiqləri kəskin şəkildə pisləyərək rejimi həbs olunmuş fəalları azadlığa buraxmağa və BMT, Avropa Şurası və digər beynəlxalq müqavilələr çərçivəsində ölkənin üzərinə götürdüyü insan hüquqları ilə bağlı öhdəliklərə əməl olunması ilə bağlı çağırışlara əməl etməyə çağırır.
RATİ bildirir ki, jurnalistin internetdə yaydığı fikirlərə görə saxlanılaraq izahatının alınması Azərbaycan Respublikasının Konstitusiyasının 46 (fikir və ifadə azadlığı) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozuntusudur və bu saxlanılma Azərbaycan hökumətinin insan hüquqlarına hörmət etmədiyini, həmçinin də beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini göstərir.
RATİ xatırladır ki, Azərbaycanın üzv olduğu Avropa Konvensiyasının 6-cı maddəsinə görə (ədalətli məhkəmə hüququ) saxlanılan şəxs müdafiəçi ilə təmin olunmalı və həmçinin də müdafiə üçün kifayət qədər vaxt verilməlidir. Ancaq vəkilin qanuna uyğun olaraq etibarnamə və order təqdim etdiyi halda izahatın alınmasına buraxılmaması Azərbaycan hökumətinin ifadə azadlığına və ümumilikdə insan hüquqlarına hörmət etmədiyini göstərir.
Təşkilat jurnalistin çağırış göndərilmədən iş yerindən aparılması, altı saata yaxın təcrid olunmuş vəziyyətdə saxlanması, vəkili olmadan izahatının alınmasını pisləyir və Azərbaycan hökumətini yerli və beynəlxalq qanunvericiliyə əməl etməsini çağırır.
RATİ Azərbaycan hökumətini seçkiöncəsi insan hüquqları, xüsusilə də ifadə azadlığına edilən basqılara son qoymağa, həbsdə olan bütün jurnalistləri, bloggerləri və gənc fəalları qeyd-şərtsiz azad etməyə çağırır.
RATİ həmçinin BMT-ni, Avropa Şurasını və ATƏT-i ifadə azadlığı ilə bağlı öhdəlikləri olan üzv dövlət kimi Azərbaycana ciddi və tələbkar çağırışlar etməyə və bu çağırışlar lazımi nəticə vermədikdə isə müvafiq tədbirlər görməyə çağırır.