Bu gün (17 aprel) Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddiası üzrə aidiyyat məsələsinə baxılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə 7251,20 (yeddi min iki yüz əlli bir manat iyirmi qəpik) yoxlama zamanı guya azaldılmış vergi məbləği yazılmış, 3625, 60 (üç min altı yüz iyirmi beş manat 60 qəpik) maliyyə sanksiyası tətbiq etmişdir.
Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.