AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİLƏ BAĞLI YENİ İCTİMAİ BİRLİK TƏSİS EDİLDİ

Bu gün (10 dekabr) Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olacaq “İnsan Hüquqları İnstitutu” (İHİ) İctimai Birliyi təsis edildi.

Yeni qurumun təsis edilməsi barədə təşkilat komitəsinin sədri Emin Hüseynov  Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ)  mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verdi. Hüseynovun sözlərinə görə, o, digər dostları ilə birgə 2006-ci ilin may ayının 3-də Beynəlxalq Söz Azadlığı Günündə RATİ-ni təsis edib. RATİ-nin media sahəsindəki problemlərlə məşğul olduğunu və problemlərin həllinə öz tövsiyəsini verməyə çalışdığını qeyd edən Hüseynovun sözlərinə görə, yeni təsis edilən qurumun da uğurlu fəaliyyət göstərməsinə  çalışacaqlar:  “Biz yalnız  jurnalistlərin deyil Azərbaycanda yaşayan  digər vətəndaşların da hüquqlarının qorunmasında maraqlıyıq. Bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə də əməkdaşlıq edib, yaratdığımız yeni quruma xüsusilə gəncləri cəlb etməklə Azərbaycanda insan haqlarının qorunmasına töhfəmizi verməyə çalışacağıq”.
Yeni yaradılmış təşkilatın qeydiyyata  alınması üçün qısa müddətə sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət edəcəklərini bildirən Hüseynov İHİ-nin yarandığı ilk gündən fəaliyyətə başladığını da bildirdi. Onun sözlərinə görə, ilk olaraq Heydər Əliyev adına Bakı Hava Limanında təhlükəsizlik tədbirləri məqsədilə quraşdırılmış lazer skaner qurğusunun tətbiqinin dayandırılması üçün cəhdlər ediləcək.
“Bu cihazlar vasitəsilə  sərnişinləri paltarsız və onların bədənlərinin bütün əzaları ağ-qara şəklində görmək olar və sərnişinin paltarsız ağ-qara şəklini də çəkmək olar.  Bu isə insanların  şəxsi toxunulmazlıq hüququnun kobud şəkildə pozulmasıdır. Kiminsə-kimisə, xüsusilə də qadınların yad kişiləri, kişilərin isə yad qadınları paltarsız seyr etməsi milli adət ənənəmizə də, bütün dini inanclara da ziddir. Habelə həmin  cihaz sağlamlıq baxımından da insanlar üçün zərərlidir. Məhz bu sadaladığım səbəblərə görə Avropa Birliyi bu cihazın Avropadakı aeroportlarda tətbiqini qadağan edib. Hətta təhlükəsizlik tədbirlərinə görə xüsusi seçilən İsrail aeroportlarında belə bu cihaz tətbiq olunmayıb. Ümumilikdə isə 2010-cu ilə qədər bütün Avropa ölkələrində bu cihazın tətbiqi dayandırılacaq”, – deyə qeyd edən Hüseynovun sözlərinə görə, bu cihazın Bakı aeroportunda tətbiqinin dayandırılması üçün imza toplama kampaniyası keçiriləcək, habelə  Milli Məclisə, Ombudsmana, Azərbaycandakı dini icma rəhbərlərinə müraciət ediləcək: “Əgər bu cihazın Bakı aeroportunda tətbiqi dayandırılmayacaqsa biz Azərbaycanın müvafiq dövlət qurumlarını məhkəməyə verəcəyik”.
Previous Post

“ÜÇ NÖQTƏ” QƏZETİNİN REDAKSİYASI QARƏT OLUNUB

Next Post

“ANS PRESS”İN SAYTI DAĞIDILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.