HÜQUQŞÜNASLAR EYNULLANIN AZADLIĞA ÇIXMAĞINDA HÜQUQİ MANEƏ GÖRMÜRLƏR

Yanvarın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Azərbaycanın hüquq ictimaiyyətinə ünvanladığı müraciəti daxil olub. Fətullayev müraciətində 6 iyul 2010-cu ildə Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası aldığını, bu işə Apellyasiya Məhkəməsində baxıldığını xatırladaraq hüquqşünaslardan aşağıdakı  sualları cavablandırmağını xahiş edib:

 “Məhkəmə kollegiyası mənə təyin edilmiş  cəza müddətini azaltmaqla məni azadlığa buraxa bilərmi? Məhkəmənin belə qərar verməsinə hüquqi mane varmı?

Apellyasiya şikayətim təmin olunmazsa, məhkəmə kollegiyası cəzanı necə hesablamalı, 20 aprel 2007-ci ildən 3 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım 2 ay 14 gün müddətini və 3 oktyabr 2009-cu ildən 6 iyul 2010-cu ilədək 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs kimi saxlandığım 9 ay 3 günlük müddəti hökm qanuni qüvvəyə minənədək çəkilmiş cəza kimi nəzərə almalıdırmı?

Apellyasiya şikayətim təmin olunmazsa, hansı rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməliyəm?”.

            Fətullayevin  ünvanladığı suallara cavabında vəkil  Namizəd Səfərov bildirdi ki, hazırkı mərhələdə məhkəmənin Eynulla Fətullayevi sərbəst buraxmasına heç bir  hüquqi mane yoxdur.

“Sadəcə Eynullanın azad edilməsinə  səbəb siyasi iradənin olmamağıdır. Eyni zamanda Eynullanın cəzası istər  istintaq təcridxanasında, istərsə də MTN – nin təcridxanasında saxlanmasından asılı olmayaraq həbs edildiyi gündən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminə gəldikdə isə bu məhkəmənin hökmündə göstərilir və  məhkəmə bunu ağırlaşdıra bilməz. Eynulla Fətullayev az ağır cinayət törətdiyinə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməlidir” – deyə Namizəd Səfərov qeyd etdi.

            Hüquqşünas Ənnağı Hacıbəyli isə bildirdi ki, Eynulla Fətullayev Avropa Məhkəməsinin qərarından sonra azad edilməlidir və  sonradan quraşdırılmış cinayət işinə xitam verilməlidir.

             “Qaradağ rayon Məhkəməsinin qərarında həbsin başlanma müddəti düzgün hesablanmayıb. Eynullanın həbsi 29 dekabr 2009-cu ildən hesablanmalı idi. Həmin vaxtdan Eynulla faktiki həbsdə olub. Ancaq Qaradağ rayon Məhkəməsi jurnalistin həbs müddətini hökm çıxardığı gündən – 2010-cu il iyulun 6-dan hesablayıb. Bu, yanlış hesablamadır, hakim burada 6 ay müddəti nəzərə almayıb. Bakı Apellyasiya Məhkəməsi bu qanunsuzluğu aradan qaldırmalıdır”. Bunu isə  müraciətə münasibət bildirən vəkil İsaxan Aşurov bildirib.

            Hüquqşünas, millət vəkili İlyas İsmayılov  isə  bildirdi  ki, ümumi şəkildə Fətullayevin azadlığa çıxmasının tərəfdarıdır. Amma  müraciətə hüquqi qiymət verə bilməsi üçün iş materialları ilə tanış olmalıdır.

            Ali məhkəmənin keçmiş hakimi Müzəffər Ağazadə isə bildirdi ki, o artıq pensiyaya çıxıb və  bu məsələ ilə bağlı müsahibə vermək istəmir.

 “Eynulla Fətullayevin müraciətinə cavab hazırlayıram və  bu cavabı şəxsən onun özünə göndərəcəyəm”. Bunu isə  hüquqşünas Muxtar Mustafayev bildirib.

“Eynulla Fətullayevi məhkəmə azadlığa buraxa bilər. Bunun üçün heç bir hüquqi mane yoxdur. Mən Qaradağ rayon Məhkəməsinin hökmü ilə tanış olmuşam. Məhkəmə Eynullanın cəzasının çəkilmə müddətini düzgün hesablamayıb. Ümumilikdə isə indidən sonra Eynulla Fətullayevin həbsdə saxlanmasını qanunsuz hesab edirəm”, – deyə vəkil Fuad Ağayev qeyd edib.

 

Previous Post

JURNALİST TƏQİB OLUNDUĞUNU BİLDİR

Next Post

EYNULLA FƏTULLAYEVİN AZƏRBAYCANIN HÜQUQ İCTİMAİYYƏTİNƏ AÇIQ MÜRACİƏTİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.