İDDİAYA SƏBƏB OLAN ANONS EKSPERTİZAYA GÖNDƏRİLİB

aprel 13th, 2010
Dünən (12 aprel) Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə vətəndaş Nina Əhmədovanın “Dünya Kriminalı” qəzetinə qarşı Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Dünya Kriminalı” qəzetinin baş redaktoru Əjdər Mehdiyev məlumat verib. O qeyd edib ki, şəhid ailəsinin müraciəti əsasında 2009-cu ilin sentyabrında erməni əsilli falabaxanın peyda olması ilə bağlı qəzetdə anons verilib: “Anonsda konkret ad çəkilməməsinə baxmayaraq, Nina Əhmədova şərəf və ləyaqətinin tapdanmasını,  həmçinin ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib”.
Dünənki prosesdə yazının ekspertizaya göndərilməsi ilə bağlı vəsatətinin təmin edildiyini  deyən Ə. Mehdiyev, prosesin ekspertizanın nəticəsi məlum olana qədər təxirə salındığını bildirib.

Qeyd edək ki, “Dünya Kriminalı” qəzeti ayda bir dəfə olmaqla 2009-cu ilin yanvar ayından nəşr olunur. Qəzetdə Azərbaycanda və dünyada baş verən kriminal hadisələrlə bağlı məqalələr dərc olunur.