Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədilib

fevral 4th, 2013

477058_338620096191028_1727616528_o

Fevralın 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında mühafizəçi polislər Obyektiv TV-nin əməkdaşı Cavid Qurbanovun qanuni peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədiblər. 23-24 yanvarda baş vermiş İsmayıllı hadisələrinə görə dindirilməyə çağırılan Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunu çəkərkən, idarənin mühafizəçi polisləri Cavid Qurbanovu idarəyə apararaq, kamerasını əlindən alıb.Ondan nə məqsədlə çəkiliş apardığı soruşulub və xidməti binanın çəkilməsinə icazə olmadığı bildirilib. Qurbanovun kamerası əlindən alınandan 30 dəqiqə sonra onu sərbəst buraxsalar da, buraxılandan 15 dəqiqə sonra kamerasını geri qaytarıblar.

Polislər operatora idarənin xidməti binasının çəkilişini apararkən icazə almalı olduğu barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, qanunvericilikdə dövlət qurumlarının xidməti binalarının çəkilişini qadağan edən hər hansı norma yoxdur. Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov RATİ-yə bildirib ki, sözügedən binanın bayırında çəkiliş aparılması üçün icazə almağa ehtiyac yoxdur və buna görə jurnalistin saxlanılması  qanunsuzdur.