JURNALİSTLƏRƏ QARŞI İDDİALARIN ƏKSƏRİYYƏTİ DÖVLƏT MƏMURLARI TƏRƏFİNDƏN QALDIRILIR

fevral 8th, 2008

“2007-ci ildə mediaya qarşı qaldırılan 103 işdən 81-i dövlət məmurları tərəfindən qaldırılıb. Bu isə onu göstərir ki, əsasən dövlət orqanlarının fəaliyyəti haqqında yazan jurnalistlər məhkəməyə verilir”.

Bunu Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı bu gün keçirilən dəyirmi masada bildirib. Dəyirmi masa MHİ tərəfindən “Azad və müstəqil media üçün hüquqi mühitin monitorinqi, analizi və ictimai müzakirələr” layihəsi çərçivəsində təşkil edilmişdi.
      Tədbirdə bildirildi ki, jurnalistlərə qarşı qarayaxma (diffamasiya) üzrə iddia və şikayətlərin sayı artmaqdadır. 2005-ci ildə tənqidçi xəbər mediası 14 dəfə məhkəməyə çəkilmişdisə, 2007-ci ildə bu rəqəm 103 olub. 2008-ci ilin ilk ayında isə artıq 6 iddia qaldırılıb. Məlumat verildi ki, bu cür tendensiyanın qarşısını almaq üçün MHİ tərəfindən iki qanun lahiyəsi (Diffamasiya və jurnalist mənbələrinin gizliliyinin qorunması haqqında qanun lahiyələri) və teleradio sahəsinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb.
      “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev öz çıxışında qeyd etdi ki, “Azərbaycanda əvvəlcə azad mətbuata, sonra isə müxalifət mətbuatına qarşı kampaniya aparılır və bu kampaniyanın əsas məqsədi mətbuatı tam sıradan çıxarmaqdır. Ona görə də iddiaların sayının bu qədər artması təəccüblü deyil”. Əliyev onu da vurğuladı ki, 1998-ci ildə ölkədə senzura ləğv edildikdən sonra mətbuatın iqtisadi dayaqlarının sıradan çıxarılması istiqamətində plan hazırlandı: “2007-ci ildə mətbuatda reklam bazarının səviyyəsinin azalması o deməkdir ki, hakimiyyət öz məqsədindən əl çəkməyib”.
      Hüquqşünas Ələsgər Məmmədli vurğuladı ki, 2007-ci ildə məhkəmə qərarları ilə çap KİV-nin üzərinə qoyulan ödəncin həcmi həmin KİV-in reklam bazarının həcmindən çoxdur: ”bu Avropa dəyərlərindən uzaqlaşmaq deməkdir”.
      RATİ-nin sədri Emin Hüseynov təkliflə çıxış etdi.  O təklif etdi ki, “jurnalistika və jurnalistlərin müdafiəsi haqqında qanun hazırlansın və jurnalistlərə müəyyən həcmdə səlahiyyətlər verilsin.  Belə ki, həbsdə olan jurnalistlər hüquq-mühafizə orqanlarının təxribatları nəticəsində həbs edilib. Mirzə Sakitə narkotik atılıb, Qənimət Zahidovu xuliqanlıqda şərləyiblər, Müşfiq Hüseynovun işində də gördük ki, o qurulmuş əməliyyat nəticəsində çox asanlıqla həbs edilib. Polis haqqında və ya prokurorluq haqqında ayrıca qanunlar var. Jurnalistlər üçün də ayrıca qanun qəbul etmək olar”.