JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA DAHA İKİ NƏFƏR QOŞULUB

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Aynur Elgünəş və Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva bir qrup jurnalistin keçirdiyi aclıq aksiyasına qoşulub.

Bu barədə məlumatı RATİ-yə A. Elgünəş verib. Onun sözlərinə görə, aclıq bir günlük Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində keçirilir. Aclıq aksiyasının bu qaydada keçirilməsi Söz Azadlığını Müdafiə Komitəsinin işçi qrupunun toplantısında qərara alınıb. Qərara əsasən, istənilən şəxs 3 gündən artıq olmayaraq aksiyaya qoşula bilər. Qərara alınıb ki, işinin çoxluğuna görə aksiyanın keçirildiyi qərargaha gedə bilməyən şəxslər öz ofislərində 1 günlük aclıq etməklə kampaniyaya dəstək versinlər.     
Bu gün RATİ-nin əməkdaşları "Yeni Müsavat" qəzetinin redaksiyasında martın 27-dən aclığa başlamış jurnalistlərə baş çəkiblər. Jurnalistlərlə söhbət zamanı məlum olub ki, səhər saatlarında onlar həkimlər tərəfindən müayinə ediliblər. Elşən Balaxanlının səhhətində problemlər yarandığından səhər tezdən həkimə müraciət olunub və müayinədən sonra müəyyən edilib ki, jurnalistin qan təzyiqi kəskin surətdə aşağı düşüb (80/40-a). Jurnalistlər vurğulayıblar ki, həkim müayinəsindən sonra alınan nəticələr aktlaşdırılır.    
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün həbsdə aclıq edən  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkib. Bu haqda RATİ-yə məlumat verən Behbudov bildirib ki, “jurnalist 12 saylı Cəzaçəkmə müəssisəsinin tibb hissəsində ayrıca palatada saxlanılır. O bacarana qədər aclığı davam etdirməkdə israrlıdır. Mən onu aclığı dayandırmağa çağırsam da, razılaşmadı. CÇM-nin tibb hissəsinin rəisi Nemət Rəhimovla söhbət etdim. O bildirdi ki, E. Fətullayevin vəziyyəti hələ normaldır. Həkim jurnalistin həyatına təhlükə yaranacağı təqdirdə onu təlimata uyğun olaraq məcburi yedizdirəcəklərini də vurğuladı. Mən müəssisəni tərk edərkən ora həkimlər gəldi. Tibb hissəsinin rəisi bildirdi ki, bu həkimlər Fətullayevi müayinə etmək üçün gəliblər”. Behbudov onu da əlavə edib ki, “Fətullayev mənimlə söhbət zamanı Gültəkin Hacıyevanın İTV-də jurnalistlər barədə açıqlamasına öz etirazını bildirib”.  

Previous Post

BAŞ REDAKTORUN HƏBSİNDƏN ŞİKAYƏT VERİLİB

Next Post

İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏNİN SƏDRİ E.FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.