MEDİANIN DURUMU İLƏ BAĞLI NÖVBƏTİ HESABAT AÇIQLANIB

Media Hüququ İnstitutu (MHİ) medianın hüquqi durumu ilə bağlı hesabat açıqlayıb.

Hesabat 2008-ci ilin ilk iki ayını əhatə edir. Sənəddə göstərilir ki, Azərbaycanda biznes tam şəkildə siyasətdən asılı olduğu üçün hökumətin bəyənmədiyi yazılar verən qəzetlərin reklam alma imkanları yoxdur. Hesabatda iki ay ərzində media ilə bağlı məhkəmə çəkişmələri, jurnalistlərə qarşı hədələr və hücumlar, o cümlədən Aqil Xəlilin bıçaqlanması öz əksini tapmışdır. Qeyd edilir ki, jurnalistlərin döyülməsi və hədələnməsi faktlarının araşdırılması yönündə irəliləyiş nəzərə çarpmayıb. Hesabatda aşağı məhkəmə instansiyalarının qərarlarından narazı qalan jurnalistlərin şikayətlərinin heç birinin təmin edilmədiyi vurğulanır.
Hesabatın teleradio sahəsi ilə bağlı hissəsində qeyd edilir ki, televiziya və radiolar tam şəkildə hökumətin təsirindədir. AzTV prezidentin nəzarətində, digər özəl telekanal və radiolar isə hökumətə bağlılığı olan şəxslərin əlindədir. Regional TV-lərin də vəziyyəti eynidir. Vurğulanır ki, teleradio işi üçün dövlət lisenziyalarının verilməsində problemlər qalmaqdadır, Milli Televiziya və Radio Şurası (MTRŞ) hökumətdən tam asılıdır, səlahiyyətləri isə azdır, ona görə də MTRŞ-nın fəaliyyəti effekt vermir.
Sənədin İnternetlə və informasiya əldə etmək azadlığı ilə bağı hissələri də mövcuddur. Göstərilir ki, Azərbaycanda İnternet hələ də geniş yayılmayıb, istifadəçilərin sayı azdır. Bakı istisna olmaqla ölkənin digər regionlarında İnternetə çatım imkanları geniş deyil. MHİ hökumətin internetə çatım imkanlarını məhdudlaşdıracağı, giriş-çıxış imkanlarını nəzarət altına alacağı meyllərinin sezilməsindən narahatlıq ifadə edir.
MHİ eyni zamanda informasiya əldə etmək üçün jurnalistlərə şəraitin yaradılmadığını hesab edir. Misal kimi “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilovun və RATİ-nin sorğularının zamanında və mahiyyəti üzrə cavablandırılmaması göstərilir.
Previous Post

RATİ “LİDER” TELEKANALININ MÖVQEYİ İLƏ BAĞLI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA MÜRACİƏT EDİB

Next Post

REDAKTORLAR BİRLİYİ “LİDER”-İN MÖVQEYİNİ PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.