MÜŞFİQ HÜSEYNOV HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ HƏMKARLARINA TƏŞƏKKÜR EDİB

Dünən (13 dekabr) qardaşı Sərvər Hüseynov Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Sərvər Hüseynov bildirdi ki, Müşfiq Hüseynovun qızdırması normala düşüb

“Müşfiq bu dəfə daha optimist görünürdü. Söhbət zamanı dedi ki, həmkarlarının, hüquq müdafiəçilərinin, müxtəlif təşkilatların son günlərdə nümayiş etdirdiyi dəstək onda həyata və yaşamağa olan ümidləri artırıb. Əvvəllər özünü tənha və xəstəliklə mübarizədə yalnız qalmış kimi hiss edirdisə, indi sağalmaq üçün mübarizə aparmağa özündə güc axtarır. Buna görə o, son günlərdə onun üçün həyəcan təbili vuran hər bir kəsə xüsusi təşəkkürünü çatdırmağımı xahiş etdi” – deyə S.Hüseynov bildirib.

S.Hüseynov əlavə etdi ki, qızdırması normala düşsə də, Müşfiqin öskürəkləri və kürəyindəki ağrılar artıb: “Öskürəndə ağzından qanlı bəlğəm gəlməyə başlayıb. həkimlər deyib ki, bir neçə günə bunu dayandıracaqlar. Danışanda çox təngnəfəs olur. Yemək yeməyə çalışır, amma həmin anda mədəsində güclü ağrılar başlayır. Ona görə də duru xörəklərə üstünlük verir”.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

HAKİM EYNULLA FƏTULLAYEVİN AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNDƏKİ İŞİNDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Next Post

SEÇKİÖNCƏSİ TƏŞVİQAT DÖVRÜNDƏ TELEKANALLARIN FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ OLMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.