Ombudsman Aparatının əməkdaşı Əvəz Zeynallı ilə görüşərək, onun səhhəti ilə maraqlanıb

Ombudsman Aparatının Milli Preventiv qrupunun rəhbəri Vüqar Məhərrəmov Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin direktoru Nizami Həsənli məlumat verib. Onun sözlərinə görə, fevralın 25-də V.Məhərrəmov Ə.Zeynallının səhhəti ilə maraqlanıb və məsələni nəzarətdə saxlayacağını bildirib.

N. Həsənli onu da əlavə edib ki, axşam saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasının həkimləri Bakı İstintaq Təcridxanasının tibbi-müayinə məntəqəsinin baş həkiminin iştirakı ilə Əvəz Zeynallının sağlamlıq durumunu müayinədən keçiriblər. Həkimlər bir sıra analizlərin alınmasını labüd sayaraq, Ə.Zeynallının sağlıq durumunu normal-sabit olaraq dəyərləndiriblər.

Qeyd edək ki, Ə.Zeynallı fevralın 21-də Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət edərək, səhhətində yaranmış problemlərə görə  tibbi-sanitar hissəyə köçürülməsini xahiş edib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Fevralın 13-də dövlət ittihamçısı Əvəz Zeynallıya 11 il həbs cəzası istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

“Yeni Müsavat” qəzetinə qarşı növbəti 1 milyonluq cərimə iddası

Next Post

Azərbaycanda internet senzuralaşdırıla bilər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.