QƏZETLƏRİN SƏYYAR YAYIMINA QADAĞA QOYULDU

Bu gün (25 aprel) axşam saatlarında Mətbuat Şurasının sədri Əflatun Amaşov səyyar qəzet firmalarının nümayəndələri ilə görüşüb. Görüşdə paytaxt küçələrində qəzet yayımına polis əngəli müzakirə olunub.

Xatırladaq ki, bu gün «Turan» agentliyi Bakı küçələrində səyyar qəzet yayımına polis qadağası qoyulduğu haqda məlumatı yayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov «Media forum» saytının əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyərək deyib ki, polis əməkdaşlarının küçələrdə reyd keçirərək yayıcılara əngəl törətdiyi xəbərləri gəlir.
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov da «Media forum»a açıqlamasında səhər tezdən paytaxt küçələrində, avtobus dayanacaqlarında polis əməkdaşlarının qəzet yayıcılarına güc tətbiq edərək fəaliyyətlərinə imkan vermədiyini söyləyib.
Qəzet yayıcılarıyla problemlə bağlı söhbətləşdiyini vurğulayan Ə.Amaşov «Media forum» saytına deyib: «Firma nümayəndələri bu gün səhərdən şəhərin bəzi yerlərində polis əməkdaşlarının satıcıların fəaliyyətini əngəllədiyini, bunu yayıcıların fəaliyyətinin qeyri-qanuni olmasıyla izah etdiklərini söylədilər. Bu məsələni aydınlaşdırmaq üçün biz Daxili İşlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdə bu məsələdən xəbərsiz olduqlarını bildirdilər».
Şura sədri xatırladıb ki, belə bir hadisə üç il bundan əvvəl də baş verib: «O zaman buna səbəb yayım firmalarının vergi orqanlarında qeydiyyatdan keçməməsi idi. Hazırda onlar lazımi orqanlarda qeydiyyatdan keçib və qanuni fəaliyyət göstərirlər».
Ə.Amaşov aprelin 26-da səyyar satıcıların nümayəndələri ilə yenidən görüşəcəklərini və hadisənin səbəbini aydınlaşdırmağa çalışacaqlarını deyib. Şura sədri onu da əlavə edib ki, faktla bağlı Daxili İşlər Nazirliyilə yenidən əlaqə saxlayacaq.

Previous Post

BİR NEÇƏ RADİO KANAL ÜZRƏ APARILAN MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Next Post

YAP VƏ MƏTBUAT ŞURASI BİRGƏ KONFRANS KEÇİRİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.