RATİ SƏDRİ EMİN HÜSEYNOV POLİS ZORAKILIĞINI QƏSD KİMİ DƏYƏRLƏNDİRİR

January 14th, 2013

 

Yanvarın 14-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun media mərkəzində 12 yanvar tarixində “Əsgər ölümlərinə son” aksiyasında jurnalistlərin fiziki təzyiqə məruz qalması barədə mətbuat konfransı keçirilib.

RATİ sədri Emin Hüseynov bildirib ki, aksiyada təxminən 10-dək jurnalist polisin təzyiq və zorakılığıyla üzləşib. Özünün də ciddi polis zorakılığı ilə üzləşməsini bildirən Hüseynov konfrans zamanı polisin qanunsuz hərəkətlərini əks edən video görüntüləri nümayiş etdirib. Həmin videolarda aydın görünür ki, Hüseynovun əynində fərqləndirici “Press” jileti olduğu halda polis əməkdaşı onu möhkəm itələyərək arxası üstə yerə yıxır. Bu zaman Hüseynov başı, onurğasının boyun və bel hissəsi ilə daşın üstünə yıxılır. Hüseynov qeyd edib ki, xoşbəxt təsadüf nəticəsində yıxılarkən sol əli ilə yerlə toqquşmanı amortizasiya edə bildiyinə görə yerdə olan daşdan həyat üçün təhlükə yarada biləcək zərbəni almayıb. Hüseynov hesab edir ki, polis əməkdaşı tərəfindən bilərəkdən daş istiqamətində itələnməsi nəticəsində həyatına təhlükə yaranıb. Hüquq müdafiəçisi polisin bu hücumundan sonra dərhal ayağa qalxsa da, bir qədər sonra özünü pis hiss etməyə başlayıb. Hüseynov deyib ki, zərbədən sonra indiyədək özünü çox pis hiss edir, ürəkbulanması, başgicəllənməsi, görmə qabiliyyətinin zəifləməsi, arterial təzyiqinin artması halları var. Əvvəllər də peşə borcunu yerinə yetirərkən bu cür xəsarətlər alan Hüseynov bildirib ki, hazırda onda beyin sirkələnməsi sindromları müşahidə olunur. Hadisə ilə bağlı Hüseynov Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna ona zor tətbiq edən polislərə qarşı cinayət işinin açılması tələbi ilə müraciət edəcəyini, günahkarlar cəzalandırılmayacaqları təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi. . Hüseynov qeyd edib ki, təzyiqlə üzləşən jurnalistlər arasında müstəqil jurnalistlər, həmçinin Turan İnformasiya agentliyinin, Obyektiv TV-nin, “Azadlıq” radiosunun, RATİ-nin, “Azadlıq” qəzetinin, “Dəyərlər” portalının əməkdaşları da olub. Baş verən hadisələrə qiymət verən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı bildirib ki, bu hadisə çox ciddi qanun pozuntusudur. “Burada fiziki sağlamlığa zərər vurma ilə yanaşı, insanın ləyaqətini və şəxsiyyətini alçaltma da var. Buna görə də məhkəmə iddiasında həm maddi, həm də mənəvi təzminat tələb etmək mümkündür” – Rəşid Hacılı belə deyib. İREX təşkilatının media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, söhbət jurnalistə aşkar və qəsdən təzyiq faktından gedir ki, bu halda mütləq Cinayət Məcəlləsinin 163-cü (jurnalistin qanuni peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanmalıdır.