“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiasını geri götürüb. KİV və ictimai təşkilatların rəhbərlərinin çağırışlarından sonra iddia geri götürülüb.
“Arifoğlu özü dəfələrlə cinayət təqiblərindən əziyyət çəkib, odur ki, iddianı geri götürmək qərarına gəlib” – deyə Rauf Arifoğlunun nümayəndəsi Vaqif Hüseyn “Turan”a bildirib. Rauf Arifoğlu öz mövqeyini belə izah edib: “Yeni Müsavat” diffamasiya haqqında qanunun qəbulunun vacibliyi barədə dəfələrlə yazıb. Bu qanun jurnalistlərə qarşı cinayət təqiblərinə son qoyardı. Bu qanunun qəbulu ilə məhkəmələrdə jurnalistlər üçün mübahisə imkanları yaranacaq. Hələlik həmkarların həbsi və ya onların şərti həbsi barədə məhkəmə qərarının qəbulu təhlükəsi mövcuddur, işin məhkəmə qərarının çıxarılmasına kimi davam etdirilməsinə ehtiyac yoxdur” – deyə o, vurğulayıb.
Əlavə edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov da tərəfləri barışdırmaq üçün Rauf Arifoğluya açıq məktub yazaraq, xüsusi ittiham qaydasında iddiasını geri götürməyə çağırmışdı.
Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edən R.Arifoğlu cavabdehin Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasının istəmişdi.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1992-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.